Tahir İmanov: “Ölülər XXI əsr”in yaradıcı kollektivi təriflər qədər, tənqidə də açıqdır

Tahir İmanov: “Ölülər XXI əsr”in yaradıcı kollektivi təriflər qədər, tənqidə də açıqdır

“Çəkiliş zamanı yaşadığımız zəlzələ unudulmaz məqamlardan biri oldu”.Oxu.Az sentyabrın 22-dən paytaxtın bütün kinoteatrlarında təqdim ediləcək “Ölülər XXI əsr” filmində Şeyx Nəsrullah obrazını canlandıran “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov ilə müsahibəni təqdim edir.

“Biz ölkəmizdə, cəmiyyətimizdə olan nöqsanları aşkar edib, onlara qarşı mübarizə aparmalıyıq. Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu heç də belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir və mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. İstəyirəm ki, siz bu işi davam etdirəsiniz”.


- Bu fikirlər 2000-ci ilin dekabr ayının 30-da ümummilli lider Heydər Əliyevin “Parni iz Baku” KVN komandasını qəbul edərkən söylədiyi çıxışındandır...

- Bəli. Biz bu sözləri bundan sonra “Planet Parni iz Baku” kollektivi olaraq imza atacağımız hər bir layihənin şüarı kimi səsləndirmək qərarına gəlmişik. Bəlkə də bu sözlər söylənərkən biz gənc idik, bu sözlərin mənasını yetərincə dərindən başa düşmürdük. Qələbə eyforiyasının təsiri altında özümüzü toxunulmaz sayırdıq. Heç təsəvvürümüzə gətirə bilməzdik ki, nə vaxtsa bizi bütün telekanallarda qadağan edə bilərlər. O zaman fəxr edirdik. Təbii ki, ölkə başçısının qəbulu bizim komanda kimi tərcümeyi-halımızın qızıl hərflərlə yazılmış səhifəsidir. Çünki nə kulis arxasında, nə başqa bir tədbirdə o cür səmimi söhbət olmayıb.

Həmin çıxışda H.Əliyev Azərbaycanda satira və yumor janrının hər bir sahəsini əhatə edib. Bu sözləri biz özümüzə şüar seçmişik.

- Bu sözləri teatrın xarakteristikası hesab etmək olar?

- Bu xarakteristika olmaqla yanaşı, həm də bəzi məmurlara Heydər Əlievin bizim kollektivin bir nömrəli tamaşaçısı və dəstəkçisi olduğuna dair xatırlatmadır. 16 il bundan öncə deyilən bu sözlər bizim üçün indi əsl stimuldur. Çünki o, şəxsiyyətin uzaqgörənliyi mübahisəyə gəlməz. Qadağalara, təzyiqlərə baxmayaraq, biz fəaliyyətdəyik.

- Televiziyalarda qoyulan qadağaların böyük ekrana çıxmanıza təkan verdiyini deyə bilərik?

- Ola bilər (gülür). Əslində televiziyaya çıxmaq üçün can atmırıq. Bizi incidən qadağa faktının özüdür. Fikir verin, kimlər televiziyalarımızda qadağadadır? - Ermənilər, terrorizm və “Parni iz Baku”. Onlarla bir sıraya qoyulmağımız ağır gəlir. Axı ölkənin ən çətin illərində biz vətəni tərk etmədik. Onu müxtəlif müsabiqələrdə təmsil edən bir kollektiv olduq. İldə bir günü bizə həsr etmək olardı, bu elə də imkansız bir şey deyil.




- Bu il kollektivinizin fəaliyyətinin 25 illik yubileyi oldu...

- Hansısa kanalda bunun işıqlandırıldığını gördünüz? 25 illiyimizi qeyd etdik, heç bir telekanal verilişlərində və ya bir layihəsində bu haqda süjet vermədi. Sanki bu komanda olmayıb! Bax budur, bizə toxunan! Bizi incidən filmlərimizin rəflərdə qalması, qadağan olunmasıdır! Zaman keçəcək onlar öz tamaşaçısına çatacaq, bundan əminik!

- Dövrün nöqsanlarını qabartmaq üçün əsas amil hansıdır?

- Biz demokratik dövlətdə yaşayırıq. Bu cəmiyyətdə mövcud olan çatışmazlıqları, nöqsanları göstərmək əslində nə cəsarət, nə də şücaət tələb edir. Tələb olunan sadəcə vətənə sevgidir. Çünki hansısa mənfini görmək, onu düzəltmək, aradan qaldırmaq istəyi yalnız bu torpağa, bu dövlətə qarşı məhəbbətdən doğa bilər. Fikir verin, biz heç bir problemi quru yerdən çıxarmırıq, danışdığımız, güldüyümüz və diqqət çəkmək istədiyimiz nöqsanlardan hər kəsdən öncə ölkə başçısı danışır. Biz də bu mənfi proseslərə satira prizmasından yanaşırıq və öz mövqeyimizi bildiririk. Bu proses 25 il bundan öncə başlayıb, bu gün yox.

Tənqid etdiyimiz qədər, tənqid edilməyə də hazırıq. “Ölülər XXI əsr”in yaradıcı kollektivi təriflər qədər, tənqidə də açıqdır. Çünki tənqiddən nəticə çıxarma bacarığı, gələcəkdə daha keyfiyyətli bir işin meydana çıxmasına zəmanət yaradır.

- İstedadların öz dövründə qəbul edilmədiyi faktı mövcuddur.

- Biz özümüzü nə dahi, nə də fövqəl-istedad hesab etmirik (gülür). Bircə onu deyə bilərəm ki, bu mübarizəmiz davam edəcək və bu mübarizə yalnız ədalətli yolla aparılacaq. Ədalətsiz mübarizəni zəif insanlar aparır. Biz sadəcə yaratmağa çalışırıq. Bunun nəticəsi premyerasına sayılı günlərin qaldığı “Ölülər XXI əsr” filmidir. Gördüyünüz kimi, bizi bu qadağalar ruhdan salmadı (gülür).





- Filmin çəkilişi zamanı yadda qalan və çətin anlar oldu?

- Əslində iş prosesi o qədər maraqlı idi ki, hər anı yadda qalan oldu deyə bilərik. Amma iş prosesini ekstremallaşdıran məqamlar da oldu (gülür), çəkiliş zamanı yaşadığımız zəlzələ bu məqamlardan biri oldu. Həmin anın videosu da var. Filmdə işləyən aktyorları, texniki işçiləri sakitləşdirmək bir qədər çətin oldu (gülür).

- Ümid edirik ki, bu addımın davamı gələcək və tamaşaçılar bundan sonra böyük ekranda “Planet Parni iz Baku” kollektivinin yeni layihələrini izləyəcək.

- Biz də buna ümid edirik və bunun üçün çalışırıq. Tezliklə bu çalışmaların növbəti nəticələrini görəcəksiniz. Fürsətdən istifadə edərək oxucularınızı bir daha sentyabrın 22-dən paytaxtın bütün kinoteatrlarında nümayiş etdiriləcək “Ölülər XXI əsr” filminə baxmağa dəvət edirəm.

- Müsahibə üçün təşəkkür edirəm.

0
14