Qazaxıstan Azərbaycan üzərindən Avropaya daha çox neft sata bilər

Qazaxıstan Azərbaycan üzərindən Avropaya daha çox neft sata bilər

Sentyabrın 21-22-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçiriləcək.

Oxu.Az-a Energetika Nazirliyindən verilən məlumata görə, iclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcəklər.

Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələləri də diqqət mərkəzində olacaq.

Yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır ki, Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 milyon ton, bu ilin 6 ayı ərzində isə 1,3 milyon ton olub.

Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının diversifikasiyası istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri eləcədə enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

U.A.

0
6