MTRŞ: Bəzi serialların anonslarında zorakılıq səhnələri çoxluq təşkil edir

MTRŞ: Bəzi serialların anonslarında zorakılıq səhnələri çoxluq təşkil edir

“Yeni yayım mövsümünə start verilməkdədir. Növbəti mövsümdə bəzi şit, bayağı məzmunlu komediya janrlı serialların və digər efir materiallarının da ssenarilərində dəyişiklik olacağını gözləyirik. Bu kimi məsələlər efirin kübarlığı, səviyyəsi nöqteyi-nəzərindən diqqətimizdə olacaq”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri qeyd edib ki, yeni mövsümdən yayımlanması nəzərdə tutulan bəzi serialların anonslarında zorakılıq səhnələrinin çoxluğu diqqət çəkir:

“Bu halın yalnız anonslarda qalmasını, serialların əsas süjet xəttinin belə səhnələrdən uzaq olmasını arzulayırıq. Ümumilikdə dinamik bir yayım mövsümü gözləyirik. İnanırıq ki, yerli televiziyalar proqram səbətlərində yer verdikləri verilişlərin kəmiyyət və keyfiyyətinə görə Azərbaycan tamaşaçısını razı sala biləcəklər, qanunvericiliyin tələblərini də daim nəzərə alacaqlar.

Hazırda müşahidələr göstərir ki, televiziyaların çoxunda kifayət qədər yeni layihələr, verilişlər, seriallar gözlənilir. Yeni aparıcılar gözə dəyir. Bundan başqa, aparıcılar arasında yerdəyişmələr var. Bu, təbii proses olsa da, bəzi aparıcıların əvvəlki mövsümlərdə apardıqları verilişlərdə müəyyən qanun pozuntuları və ictimaiyyətin narazılığına səbəb olan hallar müşahidə olunurdu.

Ümid edirik ki, yeni layihələrdə onlar buna yol verməyəcəklər. Bu işdə yayıma məsul redaktorların da üzərinə müəyyən vəzifələr düşür. Şou-biznes nümayəndələrindən də yeni mövsümdə aparıcılıq edənlərin olacağı anonslardan bəlli olur. Əlbəttə, bu məsələdə yayımçılar sərbəst olsalar da, unutmamalıdırlar ki, hər bir aparıcının peşəkarlığına cavabdeh olacaqlar”.

A.S.

0
11