Tarixdən gələn səs - Qaval daşı... - SƏSİN SEHRİ

Tarixdən gələn səs - Qaval daşı... - SƏSİN SEHRİ  

APA TV-də yeni layihə efir həyatına başlayır. Ülkər Qasımovanın müəllifliyi ilə hazırlanan “Səsin sehri” proqramı Azərbaycanın milli musiqi alətlərinə həsr olunub. Proqramda zərb, nəfəsli və simli musiqi alətlərimizin tarixinə, bu gününə göz atılır, alətlərin hazırlanması, bir-birindən fərqləndirici xüsusiyyətləri barədə məlumatlar verilir. Sənətşünasların, musiqi xadimlərinin qonaq olduğu layihədə zəngin musiqi tariximizin səhifələri bir-bir açılır, Azərbaycan musiqisinin dünya musiqisində yerinə aydınlıq gətirilir. Bədii-etnoqrafik üslubda hazırlanan layihənin rejissoru Əli Hüseynovdur. Tamaşaçılar “Səsin sehri” proqramını həftə içi hər gün saat 17.10-da APA TV-nin canlı efirində izləyə bilərlər.

...Bu səs Azərbaycan musiqi mədəniyyətinin, keçmişimizin səsidir. Bu səsi heç bir musiqi alətindən almaq mümkün deyil, yalnız Qaval daşına məxsusdur bu səs. Tarixən səsin sehri hesab olunan qaval daşı, dövrümüzdə beynəlxalq tədbirlərin əvəzedilməz musiqi alətinə, səhnə atributuna çevrilib.

...Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı” adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı” adı ilə gəlib çatıb. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.

...Qaval daşı ətrafında bir çox tarixçi-folklorşünaslar elmi-tədqiqatlar aparıb, yazılar çap etdiriblər. Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının araşdırmasına görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qaval daşı ("qəbail” – "qəbilə daşı” deməkdir) ətrafında "Yallı” ilə başlayıb:" “Yallı” dediyimiz "yahu”, "yahu”, "yahu” – yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”. Tədqiqatçı bildirib ki, dünyada ilk musiqi aləti qaval daşı olub və bu fakt ilk musiqi alətinin məhz qaval daşı olmasına sübutdur.

...Azərbaycanda bu ecazkar səsə malik olan Qaval daşının ilk ifaçısı mərhum Çingiz Mehdiyev olub. Məhz onun bu daş da ifasından sonra, Qaval daşı dövrümüzün insanlarına daha da yaxın və doğma olub. 

...Dövrümüzdə Qaval daşının ifaçısı kimi tarixə düşən Natiq Şirinov bu qədimliyi özündə əsrlərlə daşıyan daşda ifa etməsi üçün çox çalışıb. Uzun müddət Qobustanda saxlanılan bu daşın yanına gəlib-getdiyini deyir ifaçı... Və deyir ki, qaval daşının səsi insana keçmişi xatırladır. Beynəlxalq tədbirlərdə daşın sehrini milyonlarla insana çatdırmağa müvəffəq olan Natiq Şirinov, bu daşda hər kəsin ifa edə biləcəyini deyir.

...Qaval daşının sirri onun görünüşündədir. İnsanın ağlına gəlməyən bir yerdən səs çıxanda o həmişə sirr kimi görünür. Sirri ondadır ki, bu daşdan belə səs gəlir. Hər bir daş bu səsi verə bilməz. Gördüyünüz kimi milyonlarla daş var, amma heç biri belə səs vermir. Natiq Şirinovun fikrincə, hər bir zərb aləti ifaçısı bu daşı tanımalıdır, çünki keçmişini bilməyən, gələcəyini də bilməz.

... Ondan sonra çox zərb aləti ifaçıları bu daşda ifa ediblər. Mənə də Allahdan eşq gəldi ki bu daşın yanına gəlim və tanıyım. Bu daşın yanına bir dəfə yox, illərlə gəlmişəm, çünki bu daş mənim üçün çox maraqlı olub. Bu daş mənim sənətimin ən ön vurğusudur, başlanğıcdır. Mənim ən böyük arzum idi ki, dünya bu Qaval daşını tanısın. Hər bir dövlətin, hər bir məmləkətin öz tarixi var. Nağaranın özü də əvvəllər saxsıdan, daşdan olub.

...Hər bir musiqi aləti zamandan asılı olaraq təkmilləşib. Amma qaval daşı dəyişməyib. O,  qədimliyi, tarixiliyi ilə möhtəşəmdir. Qaval daşının gözəlliyi ondadır ki, bunu heç kim düzəltməyib. Qaval daşı Azərbaycanın ən böyük nemətidir. Analoqu olmayan sözü bu daşa yaraşır. Dünyada bu daşdan yoxdur. Nağara püxtələşib gəlib bu dövrdə belə olub. Amma qaval daşından dünyada yoxdur. Bunu Allah özü yaradıb və Azərbaycan xalqına məxsus edir. Azərbaycan tarixinin, mədəniyyətinin başlanğıcı bu daşdır.

...Dövrümüzdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə dünya ictimaiyyətini heyran edən Azərbaycanın tarixi qaval daşı musiqi mədəniyyətimizin əsasını qoyub. Bizim tariximiz və mədəniyyətimiz bu daşdan başlayır. Bu daş necə var idisə elə də qalır, nə düzəlib, nə inkişaf edib. Bu gün hər kəs gəlir bu daşa vurur, hərə bir cür, hər vuruşdan bir səs çıxır. Bu daş Allahın Azərbaycana bəxşidir. Öz keçmişi ilə Allah bu daşa nə şanslar verir. Qaval daşı Natiq Şirinovun əqlinə saldı ki, bu daşı səhnəyə çıxaracaqsan. Bu daş öz əzəməti ilə sübut etdi ki, nə qədər qədim, keçmiş olsam da hər anımda, hər günümdə müasirəm. Siz məndən gəlmisiniz, mənə qayıdacaqsınız, yenə də məni öyrənməlisiniz.

...Əcdadlarımızın yadigarı, keçmişin əks-sədasıdır qaval daşı. Təsadüfi deyil ki, bu səsin sehri, ecazkar ritmi bu gün bütün dünyanı heyran edir.

...Qaval daşında ritm sonsuzdur. Bu daşda istər “Cəngi”, istər “Yallı”, dünyanın başqa ritmini vur. Bütün dünyanın ritmlərinin bu daşda yüz faiz səsi var. Bunu Allah yaradıbsa biz düşündüyümüzdən də artıq ritm var. Bu daşa diqqətlə baxdım və görüm ki, balıq qulaqları var. Bu daş balıq qulaqlarının toplanmış və bərkimiş vəziyyətidir. Bunun içində boşluqlar var və bu səsi verən həmin boşluqlardır. Bir neçə dəfə yoxlamışam, yağış yağanda su dolur və bu daş həmin bu səsi vermir.

...Qobustan açıq havada təbiətin yaratdığı möhtəşəm sənət əsəridir. Onun sorağı çox uzaqlara gedib çıxır. Əcdadlarımız bu ritmlərlə öz sevinclərinin, hiss və duyğularını ifadə ediblər. Tarixin daş yaddaşında əksi bu günə qədər qalan rəqslərin rəsmləri buna ən bariz nümunədir.

...Musiqişünas,  fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə deyir ki, Qobustandakı qaval daşı tək deyil, Naxçıvan bölgəsində və Şamaxıda da rast gəlmək olar, amma onların ölçüsü də, səslənməsi də fərqli və dəqiq desək daha zəifdir.

...İstər “Eurovision 2011” mahnı müsabiqəsində, istərsə Bakı –2015 I Avropa Oyunlarında dünya xalqlarını salamlayan qaval daşı, Azərbaycan musiqi mədəniyyətinin qədimliyini bir daha bəşəriyyətə bəyan etdi. Amma milyonların gözü önündə səslənən qaval daşı, böyük sənətkar Mir Teymur Məmmədovun mükəmməl əl işi idi. Heykəltəraş, tarixi qaval daşının səhnə variantını çıx qısa bir zamanda və ustalıqla hazırlamağa müvəffəq olmuşdu.

... Mirteymur Məmmədov deyir ki, Qaval daşının səhnə üçün hazırlanmış versiyasının əsası orqandır: “Qaval daşının edəndə mən düşünürdüm bunu necə edim ki, səsi də çıxsın. Bunu da ancaq konstruksiyanın qalınlığı ilə əldə etmək olardı. Qaval daşının iki versiyasını hazırlamışam. Biri “Eurovision” musiqi yarışmasında səhnəyə çıxarılan, digəri isə Natiq Şirinovun özü üçün, hansı ki bütün səfərlərdə özü ilə aparır və səhnəyə çıxarır”.

...Səhnə üçün heykəltəraşın hazırladığı qaval daşının tərkibi penoplast və  gipsdən ibarət idi. Mir Teymur Məmmədov deyir ki, tamaşaçıların çoxu səhnədəki  maketin Qobustandakı qaval daşı olduğunu zənn etmişdilər. İlk baxışdan qaval daşının eyni kimi görünən bu sənət əsərinin uzunluğu 2.75 metr, çəkisi 60 kiloqrama yaxın idi... Gecə-gündüz çalışmaqla cəmi 12 günə hazırlanan bu maket, insanları həm çaşdırmış, həm də heyrətə gətirmişdi.

...Bu gün tariximizi özündə yaşadan qaval daşı, həm də incəsənət abidəsi kimi ölkəmizə gələnləri heyran etməkdədir. Əsrlər keçəcək və onun ecazkar səsi hələ çox nəsilləri heyrətə gətirəcək. Əsas məsələlərdən biri odur ki, bu abidə qədim musiqi sənətimizdə bir sıra törəmə alətlərinin yaranmasına da təkan verib.

0
25