Qoşulmama Hərəkatının sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunacaq

Qoşulmama Hərəkatının sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunacaq

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti 2016-cı Venesuela Bolivar Respublikasının Marqarita adasında işinə başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Məlumata əsasən, sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.

Sammitin gündəliyində Azərbaycan üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır. Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib.

Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.

E.Məmmədyarov Sammitin Rəyasət Heyətinin sədr müavini seçilib və plenar iclasa sədrlik edib. O, Zirvə Görüşündə geniş nitqlə çıxış edəcək.

Sammit sentyabrın 18-də başa çatacaq.

N.O.

0
6