Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-i vəziyyətinə 9 milyon 765,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1612-si əkiz, 45-si isə üçəm doğulub.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 33,0 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

E.Ə.

0
8