Səhnəmizin ilk peşəkar qadın müğənnisinin doğum günüdür – FOTO

Səhnəmizin ilk peşəkar qadın müğənnisinin doğum günüdür – FOTO

Zeynalabdin Tağıyevin köməyi ilə İtaliyada musiqi məktəbinə daxil olub.

Bu gün Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədovanın anadan olmasının 119-ci ildönümü tamam olur. Onun adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb.

Oxu.Az xəbər verir ki, Məmmədova Şövkət Həsən qızı 18 aprel 1897-ci ildə Tbilisidə kasıb pinəçi ailəsində dünyaya göz açıb.

Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməli idi. 

Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil oldu. Elə həmin ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Tbilisidə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedib, burada məşhur müğənni D.Ambroziodan dərs alıb (ikinci dəfə Milanda 1927-29 illərdə olub). 1917-21 illərdə Kiyev Konservatoriyasında oxuyub, burada R.Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib.

Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-25 illərdə direktoru olub) açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış edib, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib.

Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub. 2 dəfə “Lenin” ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.

O, 8 iyun 1981-ci ildə Bakıda dünyasını dəyişib.

0
31