Natiq Zərbəliyev: Vətəndaşlarımızın avtomobilə olan məhəbbəti sonsuzdur

Natiq Zərbəliyev: Vətəndaşlarımızın avtomobilə olan məhəbbəti sonsuzdur

“Missiyamız isə əyləndirərək maarifləndirməkdir...”.

Aprelin 18-də bazar ertəsi “Avto FM 107.7” radiosunda “Transmissiya” adlı yeni layihə start götürəcək.

Əslində onu şərti olaraq yeni adlandırmaq olar. Müxtəlif illərdə fəqrli TV və radiokanallarda Natiq Zərbəliyevin müəllifi və aparıcısı olduğu belə veriliş olub.

Beləliklə də biz, “Transmissiya”nın avtomobilçilər üçün ən “formatlı” radionun efirinə qayıdışının şahidi oluruq. “Səbəbkar”la qısa müsahibəni diqqətinizə çatdırırıq.

Məlumat üçün bildirək ki, Natiq Zərbəliyev 90-cı illərin ortalarından başlayaraq “Avtobiznes” və “Avtoplyus” qəzetlərinə rəhbərlik edib, “Autograph” jurnalını nəşr edib, hazırda “Autograph” onlayn-nəşrinin baş redaktorudur, eyni adlı verilişin müəllifi və aparıcısıdır. 2009-cu ildə “Azərbaycanda avtomobil jurnalistikasının inkişafına görə” Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

Jurnalistikadan başqa, həmsöhbətimiz ictimai işlə də məşğuldur. Belə ki, 2002-ci ildən “Caspian Motor Show” avtomobil sərgisi keçirən Avtomobil dillerləri-təşkilatlarının Assosiasiyasının təsisçisi və sədridir, sərgi çərçivəsində ölkənin avtomobil sektorunun ən uğurlu nümayəndələrinə “Qızıl çarx” mükafatı təqdim edilir.

Test-drayvların keçirilmədiyi vaxtlarda N.Zərbəliyev ovçuluq, balıqçılıq, bilyard, rok-musiqi və avtoturizmlə maraqlanır. Evlidir, üç uşaq atasıdır, ailəsi ilə bərabər avtomobildə Avropanın demək olar ki, bütün böyük şəhərlərində olub. Avtomobil ilə “dünya səyahəti” arzusundadır, bu səyahət haqında film çəkməyə hazırlaşır...

- Nəyə görə “Transmissiya”?

- Əgər izahlı lüğətlərə nəzər salsaq, bu, avtomobilin mühərrikindən digər işçi orqanlarına hərəkətverici (bizim halda fırladan) mexanizmlərin vəhdətidir.

Başqa sözlə desək, mühərrikin nə qədər güclü olmasına baxmayaraq, transmissiyasız o, yerindən tərpənməyəcək. Amma bu söz yalnız bu mənada işlənilmir, həşəratlardan xəstəliklərin ötürülməsi də belə adlanır.
Amma xəstəliklərdən danışmayacağıq. Məlumatın uzaq məsafəyə ötürülməsinə də transmissiya deyilir, yəni radioötürmə də özlüyündə transmissiyadır. Ona görə də hər şeyə daha dərindən baxacağıq. O cümlədən də öz missiyamıza. Missiyamız isə əyləndirərək maarifləndirməkdir...

- Avtomobil jurnalistikasına necə gəldiniz?    

- Hələ sovet dövründə bizdə sahəvi jurnallar buraxılırdı. “Müəllimlər”, “İnşaat”, “tibbi” və hətta “geoloji“ jurnal var idi, amma avtomobil jurnalı yox idi.

Belə çıxır ki, biz “gəlmədik”, avtomobil jurnalistikasını yaratdıq. Prototip isə Rusiyanın o zamanlarda az qala yüz yaşı olacaq “Za rulyom” (“Sükan arxasında”) jurnalı oldu.

Məktəb partası arxasında bu nəşri oxuyurdum və “Texnika molodeji” (“Gəncliyin texnikası”) jurnalını da çox sevirdim. Doxsanıncı illərin ortalarında Bakıda “Daewoo”, “Mercedes-Benz”, BMW və s. ilk rəsmi salonları açılmağa başladı. Bazarın informasiya dəstəyinə ehtiyac yarandı. Axı uzun illər boyu bizim insanlar “Jiquli”nin salonunda radioqəbuledici maşınqayırmanın ən uca zirvəsi olduğunu hesab edirdilər.

Bu zaman xarici markalı avtomobillər meydana gəldi. Vətəndaşlarımızın avtomobilə olan məhəbbəti sonsuzdur. Mən işləməyən, bütün gün evlərinin qabağında boş-boş dayanan, benzini demirəm, heç çörəyə pul tapmayan, amma maşını gündə iki dəfə yuyan adamlar tanıyırdım. Qonşularımızdan biri məndən ona ucuz şin tapmağı xahiş etdi, pulun qalanına yoldaşına çəkmə alacaqdı. Qış idi, onun isə ayaqqabısı yox idi, amma əvvəl maşın, sonra isə yoldaşı üçün “ayaqqabı” alacaqdı.  

Beləliklə, avtomobillərə hər zaman məhəbbət olsa da, amma bu sahədə bilik çatışmazlığı olub. Mən ata və oğulun “Mercedes”in şouroomunda gəzib, sonra satıcıya “gedək görək, “Deu” nə təklif edir, sonra nə alacağımızı qərarlaşdırarıq” deməklərinin şahidi olmuşam...

Onlar anlamırdılar ki, nüfuzlu alman avtomobili almaq imkanı olan insan heç bir zaman “Deu”nun salonuna getməzdi. Bu başqa alıcıya ünvanlanmış tamamən fərqli qiymət seqmentidir, fərqli maşınlardır. Bir sözlə, iş boydan idi.

Dünyada ən yaxşı avtomobil hansıdır? Milyonlarla insan bu sual üzərində baş sındırırlar. Biz də bu suala cavab axtarmağa başladıq. Həm də hər gün, səhərdən axşama qədər artıq iyrimi ildir. Gizlətməyəcəm, bunu həvəslə və zövqlə edirik.
 
- Avtomobillərin test etmək və jurnalda hesabatlar çap etmək və ya videoicmallar hazırlamaq aydındı. Amma “Transmissiya” radioya çıxır...

- Siz tamamən haqlısınız, “Transmissiya” öz seçimini etmiş və bizi sevimli avtomobilinin salonunda dinləyən adama ünvanlanıb. Amma onun da istismara, texniki xidmətə, hərəkətin təhlükəsizliyinə, qanunvericiliyə və s. dair sualları var. Həm də ona yolların, havanın, “tıxacların” vəziyyətinə dair informasiya maraqlandırır...

Yeri gəlmişkən, “tıxaclar” haqqında. İlk “Transmissiya” 2004-cü ildə radioefirə çıxıb, o zaman NİİM yox idi, ona görə də üç aparıcıdan biri öz maşını ilə pik saatlarında şəhərdə gəzməli və yollardakı vəziyyəti telefon ilə birbaşa efirdə diktə etməli idi. Tıxaclar isə o zaman heç də az deyildi.

- “Transmissiya”nın efiri necə qurulacaq?

- Birincisi qeyd edim ki, “Avto FM”də gənc və istedadlı adamlardan ibarət komanda yığılıb, onlarla ünsiyyətdə olduğum bu bir neçə gün ərzində özüm də cavanlaşmışam. Onlar çox enerjilidirlər, ideyalar fəvvarə kimidir, hamısını qeyd etməyi çatdırmırıq. Mən bu axının qarşısını almağa çalışan müdrik rolunu oynamalı oluram. Bu gün velosiped ixtira etmək lazım deyil.

Aydındır ki, proqram dinləyicilər ilə dialoq formasında qurulacaq. Suallar gələcək və bu sualları operativ şəkildə sistemləşdirməyə və studiyaya dəvət edilmiş mütəxəssislərə ünvanlandırmağa çalışacağıq. Məsələn, texniki xidmətə dair suallara “pit-Stop” avtoservisinin nümayəndələri cavab verəcək. Qalan ekspertlər də kompetentli olacaqlar.

Mən isə aparıcı kimi, dinləyicimin tərəfində olacağam. Əsas odur ki, dinləyicilər diqqətli olsunlar və eyni sualı təkrarlamasınlar, biz belə şeylə qarşılaşmışıq, bu, yorucu olur. Belə vəziyyətlərdən qaçınmaq üçün biz Facebook-da “Transmissiya”nın rəsmi səhifəsini açmışıq. Əvvəllcədən mövzunu elan edəcəyik və internet vasitəsilə sualları alacağıq.

Amma istənilən radioverilişin əsası, əlbəttə ki, telefonla “canlı” ünsiyyədir. Ən maraqlı və şən həmsöhbətlərimizi prodüserlərimiz birbaşa efirə çıxaracaqlar.

- Və son sual - axı ən yaxşı avtomobil hansıdır?

- Biz sizə deməyəcəyik. Bizə axtarış prosesinin özü maraqlıdır... Bizə qoşulun.

0
63