SOCAR DESFA ilə bağlı Yunanıstanın təklifini gözləyir

SOCAR DESFA ilə bağlı Yunanıstanın təklifini gözləyir

Sentyabrın sonunadək yekun qərar veriləcək.

“SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir”.

Oxu.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanunazidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib”, - deyə o bildirib.

DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir.

U.A

0
8