Prezident: Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır

Prezident: Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır

Dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır:

“Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil.

Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir”.


Dövlət başçısı qeyd edib ki, gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır.


“Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr verib, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görüblər”, - deyə o vurğulayıb.

S.B.

0
9