"Neftçi"nin qapıçısı 23 ildən sonra Bakıya gəlir - UNUTDUQLARIMIZ

"Neftçi"nin qapıçısı 23 ildən sonra Bakıya gəlir - UNUTDUQLARIMIZ

UEFA-nın Gənclər Liqasının “Çempionlar yolu”nun birinci mərhələsində “Qəbələ”nin U-19 komandasının rəqibi olan Moskva “Dinamo-2”sinin qapıçılarla işləyən məşqçisi, Sumqayıt futbolunun yetirməsi, “Neftçi”nin sabiq qolkiperi Dmitri Lukoşkinin apasport.az saytına müsahibəsi

“İstəyirdim ki, Bakıya gələm”

- Püşkün nəticəsinə əsasən, Azərbaycan komandası sizə rəqib oldu. Bunu necə qarşıladız?

- Düzünü desəm, Azərbaycan komandası ilə düşməyimizi çox istəyirdim. Keçən il də Rusiya çempionu olandan sonra arzu edirdim ki, Azərbaycan təmsilçisi ilə qarşılaşaq. Amma həmin vaxt alınmamışdı. Beynimdən bu variant keçirdi ki, bəlkə bu dəfə alına və Bakıya gələm (gülür).

- “Qəbələ” ilə oyunda şansları necə dəyərləndirirsiz?

- Bilmirəm. Yəqin ki, 50-in 50-yə (gülür). Top yumru, meydan düzdü.

- Gənclər Liqasında komandanızın qarşısına hansı tapşırıq qoyulub?

- Bacardığımız qədər irəli getmək. Görək, necə alınacaq? Ola bilsin, pley-off mərhələsinə qədər irəliləyək.

- “Qəbələ” haqda hansı informasiyaya sahibsiniz?

- Açığı, “Qəbələ” barədə məlumatım azdı. Yalnız bir şeyi bilirəm. Əvvəl bizdə belə idi ki, aparıcı futbolçuları bir kluba toplayıb, yığmanın bazası edirdilər. Düşünürəm ki, “Qəbələ”də də belədi və bu komanda yığmanın əsas bazasıdı. 80-ci illərdə belə idi, məncə, indi də eyni cürdü. Odu ki, Azərbaycan yığması ilə qarşılaşacağımızı düşünürəm.

“Ailəni dolandırmaq lazım idi”

- Hələ ötən il də Azərbaycana gəlmək istədiyinizi qeyd etdiniz. Bu, Azərbaycan futbolunun yetirməsi, əslən sumqayıtlı olmağınızla bağlıdı?

- Biz keçən il Rusiya çempionatının qalibi olduq. Bilirdik ki, UEFA-nın Gənclər Liqasında çıxış edəcəyik. Ümid edirdim ki, Azərbaycan komandasına rəqib olacağıq. Keçən il “Spartak” sizin komandanızla qarşılaşmışdı. İzləyirdim. Rəqib qismində olsa da, Bakıya gəlmək istəyirdim. Çünki sonuncu dəfə 23 il öncə, 1993-cü ildə Bakıda olmuşam. Özünüz də başa düşürsüz ki, onda necə dövr idi. SSRİ təzə dağılmışdı, hər şey yenidən başlayırdı. 1993-cü ildə, səhv etmirəmsə, Dağlıq Qarabağda da münaqişə olmuşdu.

Maraqlıdı ki, Azərbaycanda o vaxtdan bəri nə kimi dəyişikliklər olub?

- Nə üçün o vaxtdan bəri Bakıya gəlməmisiz?

- İşə görə. Ailəni dolandırmaq lazım idi. Yeri gəlmişkən, həyat yoldaşım bakılıdı.

- Həmin dövrdə Bakıdan ayrılmağınızın səbəbi nə olmuşdu?

- 1993-cü ildə Azərbaycan çempionatının səviyyəsi çox aşağı düşmüşdü. Başa düşdüm ki, mənə getmək, daha da inkişaf etmək lazımdı. Həmin vaxt Krasnodarın “Kuban” komandasından təklif aldım və ora keçdim. Orda da bakılı uşaqlar var idi. Konkret olaraq, Vladislav Lemiş və Lev Mayorovla birlikdə idik. Sonra karyeralarını harda davam etdirdiklərini xatırlamıram.

- Sumqayıtda yaxınlarınızdan, əzizlərinizdən kimsə yaşayırmı?

- Heç kimim qalmayıb. Dostum Adil Kərimov var idi. Bu yaxınlarda onun haqqında eşitdim. Bilmirəm məşqçi işləyir, ya yox. Bəlkə ad və soyadı eyni olan başqa adam idi.

“O səviyyəyə çatmamışdım...”

- Həmin dövrdə hansı futbolçularla birgə oynadığınızı xatırlayırsızmı?

- Əlbəttə. Dayan görüm, bizdə kimlər var idi? İlk məşqçim Tofiq Rzayev olub. Yaşayıb-yaşamadığını bilmirəm. Çox maraqlıdı mənə. Sağdısa, onunla görüşmək istərdim.

- Bu müddət ərzində Azərbaycandakı tanışlarınızdan kimləsə əlaqəni davam etdirmisizmi?

- Arada yollarımız kəsişib. Nazim Süleymanovla meydanda rəqib kimi bir neçə dəfə görüşmüşük. Bizim dövrün oyunçuları artıq futboldan gediblər. Dünən oxudum ki, Vəli Qasımov “Neftçi”dən çıxarılıb. Bilirəm ki, o, “Neftçi”nin baş məşqçisi idi. Başqa informasiyam yoxdu.

- Fuad Musayevin AFFA-nın prezidenti olduğu dövrdə Azərbaycandan gedən futbolçular diqqətdə saxlanılırdı, milliyə çağırılırdı. Sizə də yığmada oynamaq təklif olunmuşdu?

- Xeyr. Mən o səviyyəyə çatmamışdım ki, yığmaya dəvət alım. Həmin vaxt millinin qapısını Aleksandr Jidkov və Dmitri Kramarenko qoruyurdu.

- Sizi də milliyə çağırsaydılar, gələrdizmi?

- (Gülür). Dediyim kimi, mən o səviyyəyə çatmamışdım. Amma dəvət olsaydı, danışardıq. İndi bu barədə nəsə demək mənasızdı.

“Deyir ki, Dmitri, Azərbaycanda futbolun səviyyəsi artıq başqadı”

- Azərbaycan klublarından necə, sizə təklif olubmu, yoxsa tam yaddan çıxarılmısız?

- Düşünürəm ki, mənim barəmdə məlumatları yoxdu. Az adam bilir ki, “Dinamo”da çalışıram. Məni unudublar.

- Rusiyadan Azərbaycan futbolu necə görünür?

- Təbii ki, indi Azərbaycan futbolunun səviyyəsi başqadı. Vaxt tapan kimi, izləyirəm. Təlim-toplanışlarında bəzən Azərbaycan komandaları ilə qarşılaşmalı oluruq. Görürəm ki, futbolun səviyyəsi yüksəlib. Deyərdim ki, Avropa səviyyəsidi (gülür).

- Hazırkı Azərbaycan millisinin oyunlarını izləyirsizmi?

- Əlbəttə. İmkan tapan kimi, baxıram. Mənə çox maraqlı gəlir. Görürəm ki, Azərbaycan futbolunda infrastruktur da inkişaf edib. Bu məni sevindirir. Çünki futbolda ilk addımlarımı Azərbaycanda atmışam. Bilmirəm, Mehdi Hüseynzadə adına stadion hazırda var, ya yox? Sumqayıtda yeni stadionun tikildiyini eşitmşəm. Arada Jidkovla danışıram. Deyir ki, Dmitri, Azərbaycanda futbolun səviyyəsi artıq başqadı. Hər şey başqa cürdü. Mən görməmişəm. Allahın izni ilə Bakıya gələndə özüm də maraqlanıb, baxacam.

- Yeri gəlmişkən, Jidkovdan çoxdandı məlumat yoxdu. Vaxtilə sizinlə “Dinamo”da çalışsa da, indi harda olduğu haqda məlumata rast gəlməmişik...

- Onunla “Dinamo”nun akademiyasında çiyin-çiyinə çalışmışıq. Sonra klubdan ayrıldı. Bu yaxınlarda “Luç-Enerji”dən təklif almışdı. Ora gedəcəyini gözləyirdim. Lakin sonda danışıqları alınmadı.

“Onların həyatına qarışa bilmərəm”

- Bakıya gələndə kimlərlə görüşməyi planlaşdırırsız?

- Tanıdığım bütün adamlarla görüşmək istərdim. Amma başa düşürəm ki, buna imkan olmayacaq. Yenə də çalışacam. Vladislav Qədirov, Tərlan Əhmədov, Arif Əsədov, bir sözlə “Neftçi”də birgə oynadığım hər kəslə görüşmək istərdim. Yeri gəlmişkən, çox yaxşı, mehriban kollektivimiz var idi.

- Azərbaycana nə vaxt gəlirsiz?

- Sentyabrın 19-da səfərə çıxacağıq. Ayın 20-də, səhər Bakıda olacağıq, ordan da birbaşa Qəbələyə yollanacağıq.

- Rusiya futbolunun yetirmələri olan Ramil Şeydayev və Emin Mahmudov Azərbaycan yığmasında oynamağa qərar verdilər. Yəqin ki, bundan xəbərdarsınız...

- Düzü, bu uşaqlardan heç birini şəxsən tanımıram. Amma öz Vətənlərinin yığmasını seçiblər. Əgər bu cür qərar veriblərsə, deməli, belə lazımdı. Heç kim heç kimi məcbur edə bilməz. Deməli, düşünürlər ki, belə onlar üçün daha yaxşı olacaq, futbolçu kimi daha da inkişaf edəcəklər. Bu, onların həyatıdı, mən qarışa, məsləhət verə bilmərəm. Karyeram ərzində mən də düz və səhv olan qərarlar vermişəm. Allah eləsin, işləri yaxşı getsin və daha yüksək səviyyəyə çatsınlar. Hər ikisi istedadlı uşaqdı.

- Azərbaycan klublarının avrokuboklardakı çıxışını izləyirsizmi?

- Əlbəttə, izləyirəm. Bilirəm ki, “Qəbələ” və “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycan futbolunun səviyyəsi yüksəlib.

0
8