Bakıda yeni müasir tələbə yataqxanası tikiləcək

Bakıda yeni müasir tələbə yataqxanası tikiləcək

Azərbaycanda yeni müasir tələbə yataqxanası inşa ediləcək.

Oxu.Az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarov APA-ya müsahibəsində bildirib ki, ali təhsil müəssisələrində, xüsusilə, böyük şəhərlərdə, ilk növbədə paytaxtda tələbə yataqxanalarının az olmasının, bir çox universitetlərdə isə ümumiyyətlə olmamasının səbəbləri yaxşı məlumdur:

“Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək”.


Təhsil naziri qeyd edib ki, yeni yataqxana layihəsi dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək:

“Lakin bu layihənin özəlliyi var. Biz belə bir fəlsəfə və siyasət həyata keçirəcəyik ki, yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, ehtiyacı olan digər ali təhsil müəssisələri də tələbələrini müvafiq kvotalara uyğun olaraq, həmin tələbə yataqxanalarında yerləşdirmək imkanı qazansınlar”.

S.B.

0
11