“Qəbələ”nin baş məşqçisi: “Rəqibimizdən çəkinmirik”

“Qəbələ”nin baş məşqçisi: “Rəqibimizdən çəkinmirik”

 “İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik. “Anderlext” klubu haqqında yox, komandası, necə oynaması haqda danışmağım mümkündür”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə “Anderlext”lə qarşılaşacaq “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı oyundan qabaq fikirlərini bölüşüb: “Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. “Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik”.

Təcrübəli mütəxəssis klubun Avroliqadakı hədəfləri barəsində verilən sualı belə cavablandırıb: “Qrup mərhələsi üçün qlobal vəzifəmiz yoxdur. Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi “Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”.

0
6