Mərkəzi Bank uçot dərəcəsini niyə 15 faizə qaldırdı? - EKSPERT

Mərkəzi Bank uçot dərəcəsini niyə 15 faizə qaldırdı? - EKSPERT

“Hazırda güclü inflyasiya təzyiqi var. Rəsmi inflyasiya göstəricisi 10%-dən çoxdur. İnflyasiya faizi uzun müddət uçot faizindən yüksək qala bilməzdi. Nəzərə alsaq ki, Mərkəzi Bank inflyasiyaya hədəflənmiş siyasət yürüdür. Bu o deməkdir ki, əsas prioritet inflyasiyanın səviyyəsinin aşağı salınması olacaq. Bunun üçün də uçot dərəcəsini qaldırmaq lazım idi”.

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla oxşar iqtisadiyyata malik Rusiya və Qazaxıstan ötən il birdən-birə uçot dərəcələrini 16%-ə qaldırdı: “İndi bu ölkələrdə faiz dərəcələrinin aşağı salınması prosesi gedir. Bizdə Mərkəzi Bank uçot dərəcəsini qaldırmadı, digər alətlərdən istifadə etdi. Yəni, pul kütləsini sıxmağa başladı. Bizdə iqtisadiyyatın pulla təminatı səviyyəsi ÜDM-in 15-16%-i civarındadır. Rusiya və Qazaxıstan pul kütləsini daraltmadı, uçot dərəcəsini artırdı. Bizdə Mərkəzi Bank fərqli yol getdi. Təbii ki, pul kütləsini uzun müddət sıxıb saxlamaq da mümkün deyil. Ən azı məqsədəuyğun sayılmır. Ona görə ki, iqtisadiyyatın pula ehtiyacı var. Əgər bizim neftdən gəlirlərimiz azalırsa və biz qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, mütləq qeyri-neft sektoruna pul yönəlməlidir. Bu baxımdan Mərkəzi Bankın pul kütləsini artırmaq istiqamətində addım atacağı gözlənilirdi. Mərkəzi Bank uçot dərəcəsini inflyasiya səviyyəsini cilovlamaq üçün qaldırdı. Digər tərəfdən artıq ilin sonuna yaxınlaşdığımızdan büdcənin icrasını təmin etmək üçün büdcə vasitəsi ilə iqtisadiyyata pul buraxılmalıdır. Bu isə manata təzyiqi artırır. Həmin pul dollar tələbatı yaradır. Bu da milli valyutanın ucuzlaşmasına gətirib çıxarır. Milli valyutanın ucuzlaşması inflyasiya yaradır. Çünki, bizim əsas qeyri-neft məhsullarımız xaricdən gətirilir. Bu baxımdan Mərkəzi Bankın bu addımı atmasında görünür ki, pul kütləsini artırmaq niyyəti var. Bundan başqa, uçot dərəcələrinin qaldırılması investisiya cəlb ediciliyini də artırır”.

S.Əliyev bildirib ki, uçot dərəcəsinin artırılması milli valyutanı bahalaşdıran amil sayılır: “Bu, banklar tərəfindən manata tələbatı azaldacaq. Çünki, mərkəzləşdirilmiş kreditlər bu uçot dərəcəsində veriləcək. Əvvəl kreditlər 9,5%-lə verilirdisə, indi 15%-lə veriləcək. Bu manata tələbatı azaldacaq. Təbii ki, məqsədlərdən biri bu idi. İkincisi, uçot dərəcəsinin qaldırılması əmanət bazarına təsir edəcək. Çünki, kreditlər bahalaşdığına görə, banklar alternativ mənbələrdən istifadə etməyə çalışacaq. Ona görə də manat əmanətlərinin bahalaşmasını istisna etmirəm. Bu addımın davamı olaraq paralel bir sıra addımlar atılmalıdır. Yaxşı olardı ki, manatda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-dən 15-16%-ə qədər artırılsın. İkinci addım kimi, Mərkəzi Bankın mikrokreditlərə və istehlak kreditlərinə tətbiq etdiyi faiz tavanı ləğv edilməlidir. Düzdür, bu kreditlərin bahalaşmasına gətirib çıxaracaq. Amma əsas odur ki, manat kreditləri iqtisadiyyata yol tapsın. Gələcəkdə Mərkəzi Bank müəyyən rıçaqlardan istifadə etməklə faizləri aşağı sala biləcək. Mərkəzi Bankın uçot dərəcəsini artırmaqla bağlı addımının səmərəsinin çox olması üçün bu tədbirlər paralel olaraq görülməlidir”.

İqtisadçı-ekspert hesab edir ki, uçot dərəcəsinin artırılması həm də valyuta bazarında spekulyasiya əməliyyatlarının qarşısını almağa hesablanıb. “Düzdür, dollara tələbat var. Son vaxtlar ajiotaj aradan qalxıb. Burda təklifin artması əsas rol oynadı. Son 1 ayda valyuta bazarında güclü spekulyasiya oldu. Məzənnə dəyişikliyindən spekulyativ faydalanma cəhdləri həmişə olub. Hətta dünya bazarında neftin qiyməti ilə bağlı da spekulyasiyalar olur. Bunun məqsədlərindən biri də spekulyasiyanın qarşını almaqdan ibarət olacaq”, - deyə S.Əliyev vurğulayıb.

S. Əliyev Mərkəzi Bankın pul-kredit siyasətini sərtləşdirəcəyini düşünür: “Pul-kredit siyasətinin sərtləşdirilməsi davam etməlidir. Ona görə, ki, Mərkəzi Bank büdcə öhdəliklərinin yerinə yetirilməsi, iqtisadiyyatı pulla təmin etmək üçün pul kütləsini artırsa, bu halda manata təzyiq artacaq. Çünki, bu manatın müəyyən hissəsi dollara çevriləcək, digər tərəfdən dollara tələbat artıracaq. İkirəqəmli inflyasiyanı birrəqəmli səviyyəyə salmaq üçün qarşıdakı dövrdə Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün uçot dərəcələrini yenidən qaldıracaq. Mən düşünmürəm ki, 15% son həddir. Oktyabr-noyabr aylarında uçot dərəcəsi qaldırıla bilər”.

0
10