Arif Məlikovun doğum günü münasibətilə konsert təşkil edilib – FOTO

Arif Məlikovun doğum günü münasibətilə konsert təşkil edilib – FOTO

Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovun doğum günü münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarın əsərlərindən ibarət konsert keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında Arif Məlikovun “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Günəş”, “Təzə ilim”, “Necə də xoşbəxtəm”, “Yaşatdı məni”, “Sən bizə təbiət oyananda gəl”, “Azərbaycan”, “Qonaq gəl bizə” musiqi səslənib.

Konsert dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.

Tədbirdə 83 yaşını tamamlayan görkəmli sənətkarın özü də iştirak edib və konserti sonadək izləyib.

Azərbaycanın tanınmış mədəniyyət və elm xadimləri ilə yanaşı, xarici qonaqlar da tamaşaçı qismində konserti izləyiblər.

Tədbirin sonunda səhnəyə dəvət olunan səbəbkar Arif Məlikov konsertə görə minnətdarlığını bildirib və zövq aldığını dilə gətirib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, Xalq artisti, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Avrasiya Akademiyasının qurucu üzvlərindən olan Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub.

0
26