TANAP-ın inşası 2018-ci ilin dekabrında yekunlaşacaq

TANAP-ın inşası 2018-ci ilin dekabrında yekunlaşacaq

Layihənin Türkiyə hissəsindəki sonuncu tamamlanma işlərinə 1400 nəfər cəlb edilib. Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyədəki son hissəsinin çəkilişini “Limak” (Türkiyə)-“Punj Lloyd” (Hindistan)-“Kalyon Group” (Türkiyə) şirkətlər konsorsiumu həyata keçirəcək.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, boru kəməri 2018-ci ilin dekabrın 28-də tamamlanacaq.

“Limak”ın İdarə Heyətinin sədri Nihat Özdemir deyib ki, TANAP-ın 4-cü mərhələsinin uzunluğu ümumilikdə 459 km-dir və artıq işlərə başlanılıb. Qurum rəsmisi həmin ərazidə boruların 48 düyümlük olduğunu da açıqlayıb:

“O nöqtədən bizə aid olan bölümün birinci hissəsi artıq bitmək üzrədir. Sonra bir dəniz keçidi var. Onun da inşası həyata keçiriləcək. Dənizi keçdikdən sonra Yunanıstan sərhədinə qədər olan hissəni də inşa edəcəyik. TANAP-da görəcəyimiz işlərin dəyəri 413 milyon dollar təşkil edir. 2018-ci ilin dekabrın 28-ə işləri təhvil verməyi planlaşdırırıq”.

N.Özdəmir deyib ki, hazırda TANAP üzrə işlərə 1400 nəfər cəlb edilib: “Hazırda TANAP üzrə işlərimizdə 1400 nəfər çalışır, 2 sabit, 3 hərəkətli iş sahəsi yaratmışıq. Layihədə hindlilər də işləyir”.

Xatırladaq ki, TANAP-da SOCAR-ın 58%, “BOTAŞ”ın 30% və BP-nin 12% payı var.

U.A

0
3