Azərbaycanlı biznesmen məşuqəsini öldürmək istədi

Azərbaycanlı biznesmen məşuqəsini öldürmək istədi

Hadisə oteldə biznesmenin arvadının gözü qarşısında baş verdi.Rusiyanın Tobolsk şəhərində məhkəmə 31 yaşlı Azərbaycan vətəndaşı Lətif A.-nı şəhərdəki “Slavyansk” otelində silah işlətməkdə və administratoru öldürməklə təhdid etməkdə təqsirli bilib. Ancaq ona yüngül cəza verib və 400 saatlıq icbari işə məhkum edib.

Oxu.Az Virtualaz saytına istinadən xəbər verir ki, Tobolsk prokurorluğundan bildirildiyinə görə hadisə bu il mayın 15-də baş verib.

Həmin gün biznesmen otelin restoranında arvadı və dostları ilə birlikdə ad gününü qeyd edirmiş. Yeyib-içmək məclisi gecədən xeyli keçmişə qədər davam edib və bərk içmiş ər-arvad gecəni oteldə keçirməyə qərar verib.

Lətif otelin administratoruna yaxınlaşıb və onlara nömrə ayırmağı xahiş edib. Ancaq administrator qadın ona cavab verib ki, sərxoşlara nömrə ayırmağa icazə yoxdur, üstəlik o, otelə hər dəfə ayrı-ayrı qadınları gətirməyə son qoymalıdır.

Bu məqamda alkoqoldan gözləri dumanlanmış Lətif administratorun onun keçmiş məşuqəsi Svetlana olduğunu görüb. Həmin vaxt Lətifin arvadı da onlara yaxınlaşıb və qalmaqal qaldırıb. Qadınlar dalaşmağa başlayıblar, qəzəblənmiş Lətif arvadının saçından yapışaraq çölə sürüyüb.

Daha sonra geri qayıdaraq keçmiş məşuqəsini hədələməyə başlayıb. Lətif tələb edib ki, Svetlana hər dəfə onun otelə ayrı-ayrı qadınlarla gəldiyi haqda dediklərini geri götürsün. Ancaq qadın sakitləşmək bilməyib. Bu zaman Lətif onun alnından əliylə vurub, sonra “Makarov” tapançasını çıxarıb və “Səni öldürəcəm!” deyərək Svetlananın düz ayağının altına, döşəməyə atəş açıb.

Mühafizəçi özündən çıxmış azərbaycanlını sakitləşdirməyə çalışsa da o, yenidən hücum çəkib və “Kimi istəyirsən çağır, burada hər şeyi alt-üst edəcəm” deyərək yenə atəş açıb. Bu dəfə güllə Svetlananın başının cəmi bir neçə santimetrliyindən keçərək divara dəyib. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polislər azərbaycanlını zərərsizləşdirib.

Məhkəmə iclasında Lətifin arvadı deyib ki, “Slavyansk” otelinin administratoru Svetlana vaxtaşırı olaraq ona zəng edərək əri ilə ayda bir dəfə görüşdüyünü deyirmiş. Onların isə iki azyaşlı uşağı var və bu münasibət ailənin dağılmasına səbəb ola bilərdi.

Svetlana isə məhkəmədə Lətifdən 100 min rubl təzminat istəyib, ancaq məhkəmə cəmi 15 min rubl təzminat kəsib. Azərbaycanlı məhkəmədə administratoru öldürmək istədiyini boynuna alıb və məhkəmə onu inzibati işlərə məhkum edib.

А.М.

0
7