“Petkim” ətraf mühitin qorunmasına 210 milyon dollar yatırıb

“Petkim” ətraf mühitin qorunmasına 210 milyon dollar yatırıb

Türkiyənin ilk və yeganə yerli neft-kimya istehsalçısı olan “Petkim” son 13 ildə ətraf mühitin qorunmasına 210 mln. dollar dəyərində əlavə investisiya yatırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a “Petkim Holding”dən məlumat verilib.

Qeyd olunub ki, “Petkim” bütün proseslərində, dünyanın qəbul etdiyi ən qabaqcıl ətraf mühiti qoruma standartlarını tətbiq edir:

“Petkim” bu günə qədər dövlət və özəl sektordan, qeyri-hökumət təşkilatlarından, təhsil qurumlarından verilən yüzlərlə mükafatın sahibi olub.

“Petkim” İstanbul Sənaye Palatasının “Ən Böyük İlk 500 Sənaye Quruluşu” sıralamasında 16-cı yeri tutur. Eyni zamanda, Türkiyə İxracatçılar Məclisi, Ege İxracatçı Birlikləri, Ege Bölgəsi Sənaye Palatası, İctimai Təhlükəsizlik Təşkilatı, Gəlir İdarəsi Başkanlığı kimi təşkilatlardan hər il istehsal, gəlir, ixrac, məşğulluq, Ar-Ge işləri, vergi, sığorta mükafatı kimi kateqoriyalarda bir çox mükafat alıb. “Petkim” 2016-ci ilin yanvarında Sənayedə Enerji Məhsuldarlığı Layihə Yarışmasında 8 enerji məhsuldarlığı layihəsi ilə SAVAB-3 kateqoriyasında ikinci dəfə birincilik mükafatına layiq görülüb”.

Bildirilir ki, “Petkim"in hədəfi, ümumilikdə 51 MVt gücə sahib olan Petkim Külək Enerji Stansiyasını istismara verməklə elektrik istehsalında 20% artım əldə etmək və eyni zamanda alternativ enerji qaynaqlarını qiymətləndirərək müxtəlifliliyi əldə etməkdir:

“Ayrıca davamlı enerji qaynaqlarına üstünlük verən “Petkim”, zavodlarda enerji məhsuldarlığının təmin olunması istiqamətində bir çox layihə icra edir”.

Qeyd edək ki, “Petkim Holding” 1951-ci ildə 250 mln. TL sərmayə ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

“Petkim” Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısı olaraq, daxili bazarda təxminən 20%-lik bazar payına malikdir.

0
5