Mahir Məmmədov: Şahmatçılarımızın nəticələrinə görə təəssüflənirik

Mahir Məmmədov: Şahmatçılarımızın nəticələrinə görə təəssüflənirik

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yekunları ilə bağlı brifinq keçirib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, M.Məmmədov bildiirb ki, əsas milli komandalarımız medal qazana bilməsə də, qadınlardan ibarət yığmamızın üzvü Gülnar Məmmədova mübarizə apardığı üçüncü lövhədə 1-ci yeri tutması sevindirici məqamlardan biri olub.

“Gülnarın çıxışı haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, xanım şahmatçılarımız yaxşı mənada bizləri təəccübləndirdi. Startdan ardıcıl bir neçə tur məğlub olmadan irəlilədilər”, - o deyib.

Mahir Məmmədov hazırda Bakı şəhəri şahmat üzrə yarış meydanına çevrildiyini bildirib:

“Bakı Şahmat Olimpiadası tarixin yaddaşına qovuşdu. Əfsuslar olsun ki, yığmalarımız son turda medallar uğrunda mübarizədə iştirak edə bilmədi. Nəticələrin belə alınmasına görə təəssüflənirik. Şahmatçılarımız üçün olimpiadadan öncə hər cür şərait yaradılmışdı.

Komandalarımız güclü hazırlıq keçmişdilər. Lakin bu, idmandır və hər dəfə arzulanan nəticə qazanmaq mümkün olmur. Ola bilər ki, komandamızda hardasa psixoloji sınma yaranıb. 2-3 oyunu şahmatçılarımız uğursuz başa çatdırdılar. Bununla belə, həyat davam edir.

Bu yarışın ölkəmizdə şahmatın inkişafı baxımından sıçrayış edəcəyini söyləyə bilmərəm. Çünki onsuz da ölkəmizdə şahmatın inkişafı göz önündədir. Regionlarda şahmatın inkişafı çox yüksək sürətlə gedir. Bütün təbəqələr, müxtəlif auditoriyalar bu idman növünə böyük maraq göstərir.

Hazırda ölkəmizdə şahmat böyük potensiala malikdir. Böyük idmançı və məşqçi ordusu yetişir. Gələcəkdə yüksək səviyyəli şahmatçıların yetişdirilməsi üçün böyük potensial mövcuddur. Valideynlər övladlarını şahmata aparmaqdan qürur duyurlar.

Olimpiadada ikinci və üçüncü komandalarımız əsas yığmadan uğursuz çıxış etmədilər. Hətta bəzi məqamlarda bizi daha çox sevindirdilər.

2009 - 2014-cü illər üzrə ölkəmizdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının tam yerinə yetirildiyinin şahidi olduq. Şahmat qarşıdakı illərdə Azərbaycanda daha da inkişaf edəcək.

Bundan sonra da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Mətbuatımızın da bu idman növünə marağı gündən-günə artır. Olimpiadanın işıqlandırılmasında yaxından iştirak edən mətbuat nümayəndələrinə minnətdarlıq edirik”.

0
5