Dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac keçirildi

Dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac keçirildi

Özəlləşdirmədən dövlət büdcəsinə 1,8 milyon manat vəsait köçürüləcək.Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclara start verib.

Oxu.Az xəbər verir ki, ilk hərrac qurumun Heydər Əliyev prospekti,105 ünvanında yerləşən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilib.

Hərrac səhmdar cəmiyyətlərin, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə baş tutub. Yerli və xarici investorlara, potensial alıcılara hərracda məhdudiyyətsiz iştirak etmək, qiymətini bank vasitəsi ilə ödəməklə əmlak sahibi olmaq imkanı yaradılıb.

Xatırladaq ki, bu tədbirlər Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirilir.

Hərracda media və ictimaiyyət nümayəndələri prosesi əyani şəkildə izləyə biliblər.

Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izləmək və hərracların gedişi barədə məlumat almaq mümkündür.

Hərracda vətəndaş və ya investorlar elektron qaydada sifariş verərək və satış qiymətinin 10%-i məbləğində behi ödəyərək iştirakçı hüququ qazanıb.

Qanunvericiliyə əsasən təşkil edilmiş 5 nəfərdən ibarət hərrac komissiyasının sədri hərracı açıq elan edib. Hərracda iştirak qaydası, hərracın proseduru və gedişi, hərrac prosesi və yekunu barədə ümumi məlumat verib. Hərrac aparıcısı böyük monitorlarda hərraca çıxarılmış səhmdar cəmiyyəti, kiçik müəssisələr və nəqliyyat vasitələri barədə foto məlumatları, yerləşmə mövqeyi və digər zəruri informasiyaları nümayiş etdirib.

Keçirilmiş hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,8 mln. manat vəsait köçürüləcək. Özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30%-lik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub.

Nəzarət səhm paketinin 30% hissəsi özəlləşdirilmiş 9 səhmdar cəmiyyəti pambıqçılıq, ticarət, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və təmir sahəsi ilə bağlı olub. Bu müəssisələr Göyçay, Bərdə, Tərtər, İsmayıllı, Sabirabad, Xaçmaz və digər regionlarda yerləşir.

Hərracda özəlləşdirilmiş 20 kiçik dövlət müəssisə və obyektindən 15-i Bakıda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bəzi kiçik dövlət obyektinin satışı üzrə hərrac sifarişçi sayının çox olması səbəbindən daha rəqabətli keçib. Satılmış kiçik dövlət müəssisələri xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər sahələrə aid olub.

Xatırladaq ki, növbəti hərrac sentyabrın 20-də keçiriləcək və bu hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılıb.

U.A

0
6