Süleymanov Bağırzadənin statusuna güldü: 0:8 hesabından sonra...

Süleymanov Bağırzadənin statusuna güldü: 0:8 hesabından sonra...

Neftçi” rəhbərliyinin son bəyanatı ilə tanışam. Gülüşlə qarşıladım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə feysbuk səhifəsində azarkeşlərə etdiyi müraciətdə “Neftçi”yə qarşı kampaniyaların ötən il başlandığı bildirilib. Qeyd olunub ki, hazırkı rəhbərlik işinə başlayana qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar indi əks mövqe nümayiş etdirməyə, “Neftçi”yə qarşı məqalələr yazmağa başlayıblar.

Bununla bağlı fikirlərini bölüşən Tahir Süleymanov “ağ-qaralar”ın sabiq rəhbərliyinin jurnalistlərə rüşvət verməkdə günahlandırılmasını qəbul etməyib: “Birincisi, “Neftçi”də təzyiq altında çalışmamaq mümkün deyil. İkincisi, soyuqda, qarda, yağışda stadionlarda olan jurnalistlərin bu cür ittiham edilməsi abdurddu. Bizim dönəmdə də olub, indi də var: KİV-də təmsil olunan qurumlarla reklam müqavilələri. Hər bir qurumu təmsil edən jurnalist gəlib klubda müqaviləyə imza ataraq, müəyyən vəsaiti alırdı. Bu, sırf reklam müqaviləsi idi. Həmin dönəmdə hesabat sponsorlara, birbaşa SOCAR-a gedirdi və siyahıda reklam əməkdaşlığı etdiyimiz saytların adları var idi. Bu, təkcə “Neftçi”də deyil, digər klublarda da var və mediaya dəstək olaraq, atılan addımdı. Vaxtilə bizim dönəmdə çalışan maliyyəçilər, nəzarətçilər hazırda da “Neftçi”dədilər. Həmin sənədlər yəqin ki, indi də klubda var. Olmasa belə, onların surətləri bizdə qalır. Lazım olsa, müraciət edib, baxa bilərlər”.

Süleymanov qeyd edib, “Neftçi” rəhbərliyi jurnalistləri günahlandırmaq əvəzinə böhrandan çıxış yolu tapmağı düşünməlidi: “Müstəqil jurnalistlər bütün dövrlərdə obyektiv, subyektiv fikirlərini bildiriblər. Bu, bütün dünyada belədi. Dediyim kimi, “Neftçi” kimi klubda təzyiqsiz çalışmaq mümkün deyil. Hər bir insan hara gəldiyini bilir. Nəticə olmayan yerdə təzyiq mütləq olacaq. Mən məsləhət görərdim ki, bu tip açıqlamalar vermək əvəzinə “Qəbələ”yə 0:8 hesablı məğlubiyyət araşdırılsın. Jurnalist müstəqil insandı, onun subyektiv fikirlərinə normal yanaşmaq lazımdı”.

Süleymanov 0:8 hesablı məğlubiyyətdən sonra istefanın qaçılmaz olduğunu gizlətməyib: “Biz özümüzdə cəsarət tapıb, Avroliqanın pley-off mərhələsində “Partizan”la oyundan sonra istefa vermişik. İndi özünüz müqayisə edin. “Neftçi” Azərbaycanda 0:8 hesablı məğlubiyyəti yox, Avropanı düşünməlidi. Hiss olunur ki, Müşahidə Şurası nəsə etmək istəyir. Amma çıxışların özündə belə təzadlar var. Deyilir ki, transferlər düzgün edilməyib. Ümumiyyətlə, absurd fikir səsləndirilir ki, jurnalistlərin, azarkeşlərin təzyiqi ilə baş məşqçilər istefaya gedib. Bu işlər təzyiqlə olmamalıdı. Təzyiqin olmaması üçün isə meydanda nəticə göstərmək lazımdı. Jurnalisti, ictimaiyyəti günahlandırmaq düzgün deyil. O futbolçuları “Neftçi”yə jurnalistlər, azarkeşlər və ya keçmiş klub rəhbərliyi gətirməyib. Hazırda komandada 7 legioner var, onlardan 6-sı “Qəbələ”yə qarşı oynayırdı. Əvəzində bizim vaxtımızda transfer edilən Ruslan Qurbanov komandadan göndərildi və “Neftçi”yə qarşı oynadığı matçda 2 qol vurdu. Bunlardan danışmaq lazımdı. Hazırkı böhran dövründə vəziyyətdən çıxmağın yolları araşdırılmalıdı. Jurnalistləri, azarkeşləri ittiham etmək olmaz. Çingiz Abdullayev hörmətli yazıçıdı. Artıq klubun daxilində araşdırmalar aparılır ki, günahkar kimdi? “Neftçi”nin maliyyə problemi yoxdu. İqtisadi böhran dövründə Şikov 300 min civarında məbləğə komandaya gəlibsə və bunun qarşılığında biabırçı məğlubiyyətlər olursa... Bax, bunu araşdırmaq lazımdı. 0:8-dən sonra belə çıxışlar olmur, başqa addımlar atılır. Amma özləri bilər. Heç kim “Neftçi”nin keçmiş rəhbərliyinə söz deyə, bizi ittiham edə bilməz”.

 

0
7