“Adam lap iyrənir” – Çingiz Abdullayev

“Adam lap iyrənir” – Çingiz Abdullayev

Topaz Premyer Liqasının IV turunun “Neftçi”- “Qəbələ” matçı zamanı meydan sahiblərinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə bir çox məqamlara toxunulub.

- Nə varsa, biz rəsmi məlumat veririk, yazıblar ki, Müşahidə Şurasının bütün üzvlərini çıxarıblar. Halbuki elə şey yoxdu, çıxarda bilməzlər. Belə şayiələr nahaq yayılır. Biz istəyirik ki, yenidən baxaq görək klub necə işləyir. Baş məşqçimiz Vəli Qasımovun gecə ürəyi tutub, xəstəxanaya aparıblar. Bir jurnalist gedib xəstəxanaya guya görüb ki, Vəli Qasımov orda yoxdu. Adam lap iyrənir. Yalandan yazırlar. Gəlin mərc gələk ki, Vəli hazırda xəstəxanadadı. Əgər orda yoxdusa, mən sizə 1000 manat verməyə hazıram. Orda olsa, sən mənə 1 manat verib, hamının yanında üzr istəyəcəksən.

- Bu cür məlumatların yayılmasında, klubun da günahı var. Çünki klub rəsmi məlumat vermir...

- Axı nəyə görə uydururlar? Mən məgər sizdən nəyisə gizlədirəm. Nə vaxt zəng edirsiz, danışıram. Nə sualınız olsa, soruşun danışım. Özünə hörmət edən adam yalandan xəstəxanaya düşər? Bir az insafınız olsun. Bəhram Bağırzadə bu gün Vəli Qasımovun yanında palatada olub.

- Səhmdarlarla görüş nə vaxt olacaq?

- Səhmdarla görüş keçən ay olub. Danışmışıq, müzakirə aparmışıq ki, vəziyyəti necə düzəldək. Avqustun 27-də bizim 5 saatlıq iclasımız oldu. Biz istəyirik ki, bəzi islahatlar edək. Xaricə də müraciət etmişik ki, bəlkə, peşəkar gəlib bizə kömək etsin. Məgər biz “Neftçi”ni sevmirik? Biz də istəyirik ki, uğur qazanaq. Yalandan yazırlar ki, “Neftçi” həmişə uduzur. Axı bu, düzgün deyil. Keçən il komandanın qarşısında avrokuboklara qatılmaq və kubokun finalına çıxmaq məqsədi qoyulmuşdu. Biz kubokda “Qəbələ”ni keçib, finala adladıq. Bu, asan məsələ deyildi. Avrokuboklar uğrunda mübarizədə AZAL-ı qabaqladıq. “Neftçi” Avropada yeganə klubdu ki, 5 il ardıcıl finala çıxıb. Düzdü, finalda uduzduq, ancaq “Qarabağ” bizdən qat-qat güclü idi. Hazırda əvəzedici heyətimiz 1-ci yerdə gedir. Bunu niyə görmürsüz? Samir Əliyevi qoymadız işləməyə. Gəldi dedi ki, istefa verirəm, getdi. Əsgər Abdullayevi də işləməyə qoymadız. İndi də Vəli Qasımovu qoymursuz. Yeni məşqçini gətirsək, o da deyəcək ki, “mənə bir il imkan verin”. Axı bir oyuna görə məşqçini çıxarmaqla iş həll olunmur. Nəticələrə baxılacaq, bizim məqsədimiz var ki, “Neftçi” ən azı “üçlük”də olsun. Çətin olsa da, məqsədimiz budu. İstəyərik ki, çempion olaq, ancaq reallıq budu ki, “Qarabağ” hazırda çox güclüdü. Komandamız cavan uşaqlardan qurulub. Bu gün uşaqlarla çox ciddi danışmışıq. Demişik ki, biz sizdən yaxşı oyun tələb edirik. Görsünlər ki, vuruşursuz. Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik.

- Ruslan Qurbanovun “Neftçi”ylə bağlı son açıqlamasına münasibətiniz necədi?

- O, Müşahidə Şurasına, şəxsən mənə öz təşəkkürünü bildirib. Sadəcə, klubda konfliktləri olub. Hamısını açıqlamaq istəmirəm. Bizdə qanun var ki, kluba gələndə, icazə alıb əşyalarını götürməliydi.

- Dünənki görüşdə kiminsə istefaya göndəriləcəyilə bağlı qərar qəbul olundu?

- Bizim təsisçimiz gəldi, onunla bir neçə saat danışdıq. Qərara gəldik ki, klubda çox ciddi dəyişikliklər olsun. Bayramdan sonra qərarlar qəbul edəcəyik. Adamı da Qurban bayramından qabaq işdən çıxararlar? İnsafınız olsun (gülür). Bayramdan sonra yavaş-yavaş dəyişikliklər edəcəyik. Əgər heyətimiz zəifdisə, niyə Prosineçki 3 nəfəri milliyə götürüb, niyə Şikov Makedoniya millisinə çağırılıb. Axı niyə bütün dünya məşqçiləri bu futbolçuları bəyənirlər, bizbəyənmirik. Digər tərəfdən isə uduzuruqsa, biz də narazı qalırıq. Uduzan kimi hamnı istefaya göndərmək olmur axı. Biz həmişə mətbuata açığıq. Soruşun, dəqiq məlumat yazın. Tam məsuliyyətlə deyirəm ki, mən gələndən “Neftçi”də bir qəpik də ora-bura gedə bilməz. Ermənistanda, Gürcüstanda elə Azərbaycanın özündə də belə klub yoxdu. Yeganə klubuq ki, bizdə maliyyə məsələlərini müstəqil audit yoxlayır. Başımla cavabdehəm.

0
31