Fərrux İsmayılov: “Düşünürəm ki, Qarabağ” qrupu birinci, “Qəbələ” ikinci yerdə bitirəcək”

Fərrux İsmayılov: “Düşünürəm ki, Qarabağ” qrupu birinci, “Qəbələ” ikinci yerdə bitirəcək”

“İlk matçda qələbə vacib amildir. Amma ümumilikdə götürdükdə, heç ürəkaçan oyun olmadı. İmkanlar olub, qol vurulmayıb. Rəqib 10 nəfərlə qalıb və bundan da istifadə edilməyib”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan millisinin sabiq futbolçusu Fərrux İsmayılov deyib.

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilib. Azərbaycan yığması ilk görüşdə San Marinonun qonağı olub. Komandamız tarixində ilk dəfə seçmə mərhələyə qələbə ilə başlayıb. Yığmamızın start oyununu, həmçinin Avropa Liqasının sentyabrın 15-də başlayacaq qrup mərhələsinin görüşlərini dəyərləndirən mütəxəssis Robert Prosineçkinin yetirmələrinin dünyanın reytinqdə 200-cü ölkəsinə 1-dən çox top vura bilməməsinin səbəblərini açıqlayıb: “Böyük hesabla qalib gəlməyimiz şərt deyil. Qələbə qələbədir. Düzdür, əvvəllər böyük komandalar da bizə “cırtdan ölkə” kimi baxırdılar. Rumıniya və ya Portuqaliyada azarkeşlər əlləri ilə “4”, “5” göstərirdilər ki, yəni sizə bu qədər qol vuracağıq. Amma gəlirdik, bizlə oyunda əziyyət çəkirdilər. Onlara “başağrısı” olurduq. İndi həmin “3” və ya “4”ü San Marinoya biz göstərməli idik. Lakin bu dəfə də həmin aqibət öz başımıza gəldi. Yəni artıq futbolçu meydana çıxmır ki, 3-4 qol buraxsın. Amma ən azından 2-3 dəfə fərqlənə bilərdik. Şanslar da vardı. Lakin hücumçu problemi özünü aşkar göstərir. Bizim vaxtda hücum xəttinə düşmək üçün rəqabət vardı. İndi ön xəttə bunu görmürük”.

F. İsmayılov yeni milliləşdirilən futbolçular barədə də danışıb. Onun sözlərinə görə, bu oyunçular yerlilərdən ciddi fərqlənmir: “Milliləşdirilməyə yaxşı baxmıram. Amma bu gün fakt odur ki, olanımız budur, oyunçumuz yoxdur. Komandada azərbaycanlıların olmasını istəyərdim. Lakin aşağı yaş qrupundan gələn yoxdur. Milliləşənlərdən Dəniz Yılmaz zədəlidir, komandaya hələ nə dərəcədə kömək edəcəyini demək olmaz. Ramil Şeydayevə isə 3-5 dəqiqə şans verildi. Gətirmisinizsə, niyə oynamır? Fikrimcə, artıq Topaz Premyer Liqasında da milliləşdirilərək, yığmaya kömək edə biləcək gücdə legioner yoxdur”.

Veteran hücumçu qrupun ən zəif komandası olan San-Marinoya qarşı belə oyundan sonra yığmamızın Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç üzərində qələbəsinə inanmır: “Almaniya Norveçə 3:0 hesabı ilə qalib gəldi. İndi biz oynayanda halımız necə olacaq? Əgər San-Marino ilə matçda qol vəziyyətlərini boşa veririksə, halımız acınacaqlı olacaq. Real danışsaq, turnir cədvəlində yığmamızın yalnız “cırtdan ölkə”ni qabaqlayacağını görürəm. Digərlərini keçəcəyimiz inandırıcı deyil”.

Uşaq futbolunda işləyən məşqçi kimi bu sahədə harada “axsadığımızdan” danışan F. İsmayılovun sözlərinə görə, yaş artdıqca yeniyetmələr idmanla vidalaşırlar, uzaq düşürlər.

Əsas yığmanın ehtiyat qüvvəsi hesab edilən U-21 də Farer adaları ilə oyunda məğlubiyyətdən son anda qurtuldu – 1:1. Sabiq futbolçu bildirib ki, heç olmasa bu komandaya qalib gəlmək vacib idi.

Yığmalarımızdan fərqli olaraq, klublarımız son illərdə daha uğurlu çıxış edir. “Qarabağ” ardıcıl 3-cü, “Qəbələ” 2-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. F. İsmayılov deyib ki, klubların belə inamlı oynaması işlərini düzgün qurmasından irəli gəlir: “Bu klublarda struktur düzgün qurulub. Rəhbərlik məşqçilərə inanır. Əsas məqam da budur. Hazırda hər iki komandamız Avropa səviyyəsində futbol oynayır”.

“Qəbələ”nin Avropa Liqasında şanslarını dəyərləndirən yığmamızın sabiq üzvü bildirib ki, əsas rəqib kimi “Anderlext” göstərilsə də, “Maynts”ı siyahıdan silmək düzgün deyil: “Belçika təmsilçisi ilə görüş səfərdə bir qədər çətin olacaq, evdə “Qəbələ” onlarla oynayacaq. “Sent-Etyen”ə qarşı hər 2 görüşdə layiqli mübarizə aparacaq. “Maynts” isə bir qədər çətinlik yarada bilər. Hamımız bilirik ki, “alman maşını” işə düşdüsə, bizə asan olmayacaq. Amma bu komandanın qrup səddini keçəcəyinə inanıram. Onların ən azı ikinci yeri tutacağına ümid edirəm”.

Vaxtı ilə “Qarabağ”ın şərəfini qorumuş hücumçu “Slovan”, “Fiorentina” və PAOK-la eyni qrupda yer alan Ağdam təmsilçisinin lider olacağına şübhə etmir. Onun sözlərinə görə, Qurban Qurbanovun yetirmələri üçün hansısa rəqib ciddi problem yaratmayacaq: “Püşkdən sonra da demişəm və indi də sözümün üstündə dururam ki, “Qarabağ” qrupda birinci yerlə mərhələ keçə bilər. Burada “Anderlext”, “Maynts” yoxdur. “Slovan”, PAOK keçiləsi komandalardır, “Fiorentina” ilə də oynamaq olar. Fikrimcə, onlardan heç də geri qalmayacağıq”.

Böyük azarkeş ordusu olan “Qarabağ” Çexiya “Slovan”ını 6 min 500 nəfər tutuma malik “Dalğa Arena”da qəbul edəcək. F. İsmayılovun sözlərinə görə, görüş Olimpiya stadionunda keçirilsəydi, daha məqsədəuyğun olardı.

O, avrokuboklar və milli komandanın oyunları ilə müqayisədə çempionat oyunlarına tamaşaçının gəlməməsindən də danışıb. Sabiq hücumçu deyib ki, bu gün azarkeşlər futboldan küsüblər.

 
0
7