“Petkim Holding”in ilin sonuna proqnozları müsbətdir

“Petkim Holding”in ilin sonuna proqnozları müsbətdir

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi “Petkim Petrokimya Holding A.Ş”nin bu il üzrə proqnozları müsbətdir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İzmirdə Azərbaycan KİV-i ilə görüşdə “Petkim”in baş direktoru Anar Məmmədov bildirib. O qeyd edib ki, bu ilin yanvar-iyul ayları ərzində rekord göstəricilərə nail olunub:

“Həm ümumi gəlir, həm xalis gəlir, həm də EBİTA (faiz, vergi, amortizasiya xərcləri öncəsi gəlirlər) göstəricilərində rekord qeydə alınıb. Bu baxımdan “Petkim”in tarixində ən uğurlu ildir. İstanbul Birjasının göstəricilərində də qeyd olunduğu kimi “Petkim”in səhmlərinin dəyəri 5 illik maksimuma çatıb. Bu da investorların “Petkim”ə inamını, etimadını göstərir”.

A.Məmmədov “Petkim”in çox parlaq gələcəyi olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, istehsal olunan məhsulların böyük hissəsi Türkiyənin daxili bazarında satılır, eyni zamada 30-dan çox ölkəyə ixrac həyata keçirilir.

“Petkim Holding”in baş direktor müavini Nihad Gürbüz isə bildirib ki, “Petkim” neft-kimya kompleksinin ən böyük fabriki olan Etilen fabrikinin istehsal gücü 13% artırılıb. Onun sözlərinə görə, bunun üçün isə 70-80 mln. avro xərclənib.

“Bu gücün artırılması iqtisadi baxımdan çox gəlirli sərmayədir və builki göstəricilərdə də müsbət nəticəsini aldıq”, - deyə o əlavə edib.

0
12