Rusiya və ABŞ Suriyada münaqişənin nizamlanması üzrə planı razılaşdırıb

Rusiya və ABŞ Suriyada münaqişənin nizamlanması üzrə planı razılaşdırıb

Rusiya və ABŞ Suriyada münaqişənin nizamlanması üzrə planı razılaşdırıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanın xarici işlər nazri Sergey Lavrovla aparılan danışıqların yekununda açıqlama verib.

“ABŞ və Rusiya planı elan edir, onun Suriyada əzab-əziyyətə son qoyacağına və siyasi prosesə keçidi təmin edəcəyinə ümid bəsləyir”, - deyə TASS Kerrinin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ Suriya münaqişəsinin bütün tərəflərini sentyabrın 12-dən etibarən hərbi əməliyyatların dayandırılması rejimini dəstəkləməyə çağırıb, bununla belə, terrorçulara qarşı mübarizə davam etdiriləcək.

O, həmçinin bildirib ki, bu gündən müxalifət və “Nüsra cəbhəsi” terror qruplaşmasının bir-birindən fərqləndirilməsinə başlanacaq və bunun üçün xüsusi mərkəzin yaradılması ehtimal edilir.

Kerri əlavə edib ki, Rusiya-Amerika planının reallaşdırılması, həm də Suriya hakimiyyəti və ölkədə fəaliyyət göstərən müxalifətdən asılıdır.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib ki, Moskva və Vaşinqton terrorçuların mövqelərinə aviazərbələri əvvəlcədən razılaşdıracaq, iki ölkə aviasiyasının işləyəcəyi ərazilər artıq müəyyən edilib.

Bütövlükdə plana gəldikdə isə o qeyd edib ki, Rusiya və Birləşmiş Ştatlar “Suriya üzrə sanballı, son dərəcədə konkret sənədlər paketi formalaşdırıblar, onu tam olaraq açıqlamayacaqlar”.

Lavrov Dəməşqin sözügedən plandan xəbərdar olduğunu və onu həyata keçirməyə hazır olduğunu bildirib.

İki ölkənin xarici siyasət lideri arasında Cenevrədə keçirilən görüş 15 saata yaxın davam edib.

0
6