“Sonsuz dəhliz” filmi Qətər telekanalında nümayiş olunacaq

“Sonsuz dəhliz” filmi Qətər telekanalında nümayiş olunacaq

Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11-də Qətərin “Al Jazeera” televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi olacaq.

Filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə Oxu.Az-a TEAS-dan bildirilib.

“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb.

Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-ci il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.

“Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kinotənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “TRT 1”, “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

0
15