Süni balıq göllərinin yaradılmasına qarşı reydlərə başlanılıb

Süni balıq göllərinin yaradılmasına qarşı reydlərə başlanılıb

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan təyinatına uyğun istifadəyə nəzarət edilməsi, torpaqların əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqlərini davam etdirir.

Komitədən Oxu.Az-a verilən xəbərə görə, monitorinqlər nəticəsində torpaq qanunvericiliyinə zidd olaraq, heç bir hüquqi əsas olmadan torpaqların təyinatı dəyişdirilərək, habelə torpağa dair mülkiyyət sənədi olmadan süni balıq göllərinin yaradılması da aşkar edilir.

Nəticədə bir sıra rayonlarda yüz hektarlarla kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələrinin məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsinə yol verilib. Komitənin torpaqların istifadəsinə və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri sentyabrın 9-da Salyan və Neftçala rayonlarında süni balıq göllərinin salındığı torpaq sahələrində reyd və monitorinqlər keçirib. Monitorinqlər zamanı müfəttişlər tərəfindən aşkarlanmış süni balıq gölləri ilə bağlı inzibati protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Hazırda bu istiqamətdə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.

Araşdırmalar nəticəsində indiyədək respublika üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Yevlax rayonlarında rast gəlinir. Həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Lakin digər kateqoriyalı torpaqlarda balıq gölləri yaradılmaqla fiziki və hüquqi şəxslər tərəfindən torpaqların kateqoriyası özbaşına dəyişdirilib. Özbaşına olaraq su fondu torpaqlarına aid edilib. Bu da nəticədə torpaqların əsassız olaraq kənd təsərrüfatı dövriyyəsindən çıxarılmasına səbəb olub.

Bu tədbirlərlə yanaşı, komitə tərəfindən Xəzər dənizinin (gölünün) sahilyanı mühafizə zolağında aparılmış özbaşına tikintilər və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə əlaqədar monitorinqlər də keçirilir. Qeyd edək ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində belə torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Bakı və regionlarda aparılan torpaq reydləri və monitorinqləri zamanı torpaqların heç bir qanuni sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq hasarlanması, qanunsuz tikinti işlərinin aparılması halları aşkar edilir və aradan qaldırılması ilə bağlı hüquqi tədbirlər görülür. Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

Xatırladaq ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir.

0
13