Mobil Əhmədovun 85 illik yubileyi qeyd olundu - FOTO

Mobil Əhmədovun 85 illik yubileyi qeyd olundu - FOTO

Azərbaycanın mərhum xalq artisti, vokal sənətinin görkəmli simalarından olan Mobil Əhmədovun anadan olmasının 85 illiyi qeyd olunub. Lent.az-ın məlumatına görə, dahi Bülbülün Ev Muzeyində baş tutan tədbirdə əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, vokalçı Ramil Qasımovun müəllifliyi ilə Mobil Əhmədovun həyat və yaradıcılığını əks etdirən “Ustada ehtiramla” kitabı da təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Bülbül yaradıcılığının layiqli davamçısı, Mobil Əhmədovun tələbəsi Ramil Qasımov ustadı ilə bağlı xatirələrini bölüşüb, onu yad edib. R.Qasımov bildirib ki, sənətdə yüksəlməsini və bu səviyyəyə gəlib çatmasına mərhum müəlliminə minnətdardır: “Mobil müəllim illərcə mənim ustadım, mənə mənəvi baba olub. Onunla tanışlığım sanki dünən olmuşdu. 21 il öncə mən ustadımın yanına gəlib, mənə sənət öyrətməsini xahiş etdim. O mənə həm sənət verdi, həm də vətənə, xalqa hər zaman sədaqətlə xidmət etməyi, ölkənin hüdudlarından kənarda da doğma musiqimizi layiqincə təmsil etməyi tapşırdı”.

R.Qasımov bildirib ki, Bülbülün Ev Muzeyində yığışmaq da ayrı bir zövqdür: “Mobil müəllim dahi Bülbülün tələbəsi olub və burada olmağımız çox gözəl haldır. O hər zaman ustadı ilə fəxr edib, ona sadiq olub, bizə də bunu aşılayıb. Məhz dahi Bülbülün ifası Mobil müəllimi bu sənətə gətirib və nə yaxşı da o Azərbaycan səhnəsində olub və bizləri yetişdirib. Əgər yaşasaydı sabah Mobil müəllimin 85 yaşı olacaqdı”.

Tədbirdə xalq artisti, xalq artisti Adil Bağırov, bəstəkar Elnarə Dadaşova və digərləri Mobil Əhmədovla bağlı xatirələrini bölüşüb, onun səsinin özünəməxsusluğundan, yüksək insani keyfiyyətlərindən söz açıblar.

Təqdimat mərasimində ekranda Mobil Əhmədovun müxtəlif dövrlərdəki çıxışları, eyni zamanda, Ramil Qasımovun ifası səsləndi. Nümayiş tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

“Ustada ehtiramla” kitabında mərhum sənətkarın keçdiyi həyat yolu, onun rəsm işlərindən nümunələr və haqqında xatirələr yer alıb. Kitabın xüsusi redaktoru əməkdar incəsənət xadimi Rəşid Şəfəq, məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə dokturu Səadət Təhmirazqızıdır.

0
20