Teleradioya lisenziyaları hansı orqan verir? – RƏSMİ AÇIQLAMA

Teleradioya lisenziyaları hansı orqan verir? – RƏSMİ AÇIQLAMA

“Lisenziyalar və icazələr haqqında” qanununun qəbul edilməsi ilə “Televiziya və radio yayımı haqqında” qanununun hər hansı müddəası qüvvədən düşməyib. Bunlar özlüyündə hər biri ayrı sahələri tənzimləyən qanunlardır”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsindən Nemət Cavadov deyib.

Onun sözlərinə görə, “Lisenziyalar və icazələr haqqında” qanununun 19.19-cu maddəsində göstərilir ki, lisenziyanın və icazənin müsabiqə əsasında verilməsinin halları və qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir:

“Yəni, elə lisenziyalar var ki, sırf müsabiqə əsasında verilir. Məsələn, televiziya və radio yayımı sahəsində lisenziyalar buna aiddir.

“Televiziya və radio yayımı haqqında” qanunun 15.1-ci maddəsinə əsasən, yayım üçün xüsusi razılıq (lisenziya) dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Lisenziya müsabiqə əsasında verilir, müsabiqəni keçirən orqan isə MTRŞ-dır. Bu, “Televiziya və radio yayımı haqqında” qanunda, MTRŞ-nın Əsasnaməsində də göstərilib. Burada da açıq şəkildə göstərilir ki, müsabiqəni keçirən orqan MTRŞ-dırsa, lisenziyanı verən orqan da odur”.

Şöbə müdiri bildirib ki, MTRŞ müsabiqə əsasında lisenziya verilməsi və yaxud lisenziyanın qüvvəsinə xitam verilməsi barəsində İqtisadiyyat Nazirliyinə vahid reyestrə daxil edilməsi üçün məlumatlar təqdim edir: “İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların vahid reyestri aparılır”.

N.Cavadov qeyd edib ki, Azərbaycana məxsus tezliklərdə yayımlanan Azərbaycan teleradio yayımçıları lisenziya müddətinin bitməsinə 6 ay qalmış həmin tezliyə yenidən iddialı olmaları ilə bağlı MTRŞ-ya ərizə ilə müraciət edir:

“Burada artıq müsabiqə keçirilmir. Bu zaman həmin kanalın tarixinə, fəaliyyət göstərdiyi müddətdə hansısa qanun pozuntusuna yol verib-verməməsinə baxılır. Hər hansı qanun pozuntusu aşkarlanmırsa, həmin kanalın ərizəsi əsasında onun lisenziya müddətini uzadırıq”.

0
16