Qan qoxuyan Suriya, ac Somali, Qəddafinin həbsxanası – “ÖLÜM GƏZİNTİSİ”NİN QİYMƏTİ - ARAŞDIRMA

Qan qoxuyan Suriya, ac Somali, Qəddafinin həbsxanası – “ÖLÜM GƏZİNTİSİ”NİN QİYMƏTİ - ARAŞDIRMA

2013-cü il martın 14-də Somalinin paytaxtı Moqadişodakı beynəlxalq aeroportun sərhədçiləri ağbənizli əcnəbinin pasportunu yoxlayanda şoka düşmüşdülər: Kanada vətəndaşı Mark Spenser Baunun pasportunda Somali vizası vardı; özü də “turist” qeydi ilə.

Səfərin Bauna necə təsir etdiyi, ölkənin onda hansı təəssüratlar yaratdığı məlum deyil. Kanadalı səyahət etmək üzrə böyük təcrübəyə malik idi. Somaliyə qədər artıq dünyanın 150 ölkəsinə baş çəkmişdi. Somaliyə səfərin ona neçəyə başa gəldiyi, onun bu ölkəyə bir daha səyahət etmək fikrinin olub-olmadığı da məlum deyil.

1990-cı illərdən bəri bu ölkədə vətəndaş müharibəsi gedir. Yarımada ölkənin şimal hissəsində Somalilend adlandırılan ayrıca separat dövlət də qurulub. Təhlükəli vəziyyət turistlərə Somaliyə baş çəkməyə imkan vermir. Amma…


Bu “amma”ya aydınlıq gətirəcəyik. İndi isə yeni, bir-iki gün bundan əvvəl internetdə yayımlanan bir reklam rolikindən bəhs edək.

“Al Arabia” telekanalında yayımlanan bu rolikdə Suriyanın Turizm Nazirliyi “Suriya həmişə gözəldir” sloqanlı reklam kampaniyasına başlayıb. 2011-ci ildən bəri qanlı vətəndaş savaşının səngimədiyi, şəhərləri və kəndləri viran qalan, ərazisinin çox böyük hissəsi İŞİD-in nəzarətinə keçən Suriya... turizm sektorunu bərpa etmək niyyətinə düşüb!

Kampaniyanın başlıca məqsədi Tartusa, daha konkret olaraq “Qızıl Qumlar” kurortuna turistləri cəlb etməkdir.

Bu reklam rolikinə kiminsə aldanıb və ya inanıb Suriyaya gedib-getməyəcəyi bəlli deyil. Amma azca araşdırma kifayət etdi ki, nəinki Suriya, Yəmən, İraq, Əfqanıstan, Çad, Liviya kimi ölkələrə turist səfərlərinin təşkil edildiyini öyrənək. Və bu, “müharibə turları” adlanır...


***

Dünyada müharibə turları təşkil edən bir neçə şirkət var. Əslində, tur da demək olmaz; bu, ekstrimdir, hətta ondan bir az da artıq.

“War tours” adlanan bu turizm növündə artıq ixtisaslaşmış şirkətlər var. Onların bu sahədəki təcrübələrinə isə həsəd aparmamaq olmur. Amerikanın “Warzone Tours” da bu şirkətlərdəndir. Şirkətə İraq müharibəsinin iştirakçısı, keçmiş zabit Rik Svini başçılıq edir. Svini 25 il ABŞ ordusunda xidmət edib. Bosniya və İraqda olub. Əvvəllər Svini ancaq İraqa turlar təşkil edirdi. Amma indi onun şirkəti Beyrutdan tutmuş Meksikaya, Malidən tutmuş Əfqanıstana qədər hər yerə turist göndərir. Rik Svini və onun komandası həm individual, həm də qrup turları təşkil edilir. Turlardan qabaq turistin gedəcəyi ərazi tam öyrənilir, onların bələdçilərinin kimliyinə aydınlıq gəlir. Tayfa və klanların mütləq söz sahibi olduğu ölkələrin regionlarında onlarla danışıqlar belə aparılır. Bir sözlə, təhlükəsizliyə tam təminat verilir. Kiçik bir qrupun, tutaq ki, İraqın paytaxtı Bağdada səfəri isə təxminən 40 min dollara başa gəlir.

Britaniyanın “Untamed Borders” şirkəti isə Əfqanıstan, Pakistan və Somaliyə turlar təşkil edir. Şirkətin rəhbəri Ceyms Vilkoks və onun köməkçisi, əslən Pakistanın Peşəvər şəhərindən olan Kausar Hüseynin təşkil etdiyi turlar arasında, maraqlıdır ki, Şimali Qafqaz, xüsusi ilə Dağıstan və Çeçenistan da var.

Əfqanıstana gedən turistlərə isə əsasən Bamiyan bölgəsi təklif edilir. Burada məşhur və Taliban tərəfindən məhv edilmiş Buddanın nəhəng heykəlinin qalıqlarına tamaşa etmək istəyənlər hələ də var. Turistlər bu yeri çox sevirlər. Yerli əhaliylə şəkil çəkdirir, ulaqda və dəvələrdə gəzir, Buddanın heykəlinin qalıqlarına tamaşa edirlər. Onlara yandırılmış sovet tanklarını belə həvəslə göstərirlər.

Yeri gəlmişkən, Əfqanıstanın Bamiyan vilayətinin qubernatoru Həbib Sərobi Ceyms Vilkoksu mükafatlandırıb da. Hə, təəccüblənməyin, Əfqanıstanda turizmin inkişafında xidmətlərinə görə… Əfqanıstan turu isə ora getmək istəyən şəxsə təxminən 5 min dollara başa gəlir.

“Nyu York Tayms” qəzetinin Balkan yarımadasındakı keçmiş xüsusi müxbiri Nikolas Vudun şirkəti isə “Political Tours” adlanır. O, Liviya, İran, Fələstin, Ukrayna, Kuba və Şimali Koreyaya turlar təşkil edir. Qiymətlər də bahadır. Məsələn, Liviyaya gedib, Qəddafinin sarayına tamaşa etmək, onun şəxsi həbsxanasına baş çəkmək, eləcə də səhrada yaraqlılarla - hə, bu da mümkündür -  şəkil çəkdirmək bir turistə 7 min dollara başa gəlir.

Müharibə zonalarına və qaynar nöqtələrə təkcə şirkətlər yox, ayrı-ayrı fiziki şəxslər də turist səfərləri təşkil edir. Bu sırada ən populyar ölkələr Suriya, İraq, Yəmən, Mali və Əfqanıstandır. Amma fiziki şəxslərin təşkil etdiyi turlarda təhlükəsizlik məsələsi bir qədər arxa plana keçir. Məsələn, bir qədər əvvəl Almaniyadan olan 7 turist Əfqanıstanın Herat şəhəri yaxınlığında Talibanın pusqusuna düşmüşdü. Düzdür, itki olmasa da, 5 turist yaralanmışdı.

***

Bəs görəsən Azərbaycanda necə, bu tip turlar təşkil olunurmu? Əlaqə saxladığımız turizm şirkətlərinin heç birində nə Suriya, nə Yəmən, nə Əfqanıstan, nə Mali, nə də İraqa turist səfəri təşkil edənlər oldu. Düzdür, bəzi şirkətlər məsələn, İraqa Kərbəlaya ziyarətlər təşkil edir. Amma bu turların təhlükəsizliyi də çox vaxt sual altında olur. Başqa ziyarətlər, məsələn Dəməşqdə Həzrəti Zeynəbin məzarını ziyarət isə ümumiyyətlə mümkün deyil.

Lent.az-ın müxbiri müharibə turuyla bağlı kiçik bir eksperiment də edib. Şimali Koreyanın Moskvadakı səfirliyinə müraciət edərək bu ölkəyə getmək niyyətində olduğumuzu bildirdik. Səfirlikdən aldığımız cavab unikal oldu. Sən demə, ənənəvi viza sənədləri ilə yanaşı Şimali Koreya Xarici İşlər Nazirliyinin xüsusi icazəsi də səfərə getməkdə əsas şərtlərdən biridir. Burasını da başa düşdük. Amma viza üçün doldurduğumuz sənəddə - fotodan da göründüyü kimi - Şimali Koreya dövlət qurumlarına söz verməliyik ki, bu ölkəyə gəlməmişdən ən azı 21 gün əvvələdək bu Afrika ölkələrində olmamalıyıq: Qvineya, Sierra-Lione, Seneqal, Mali, Kot d'İvuar və Qvineya-Bisau. Bunun səbəblərini isə bəndənizə izah etmədilər...

0
7