20 Yanvar dairəsində bağlanan yol açılıb

20 Yanvar dairəsində bağlanan yol açılıb

Bakı şəhəri Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra 20 Yanvar dairəsi istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. Artıq ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Oxu.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, paytaxtın şimal girişində, Moskva prospektindən şəhərə giriş hissədə 20 Yanvar dairəsinə doğru genişləndirilib.

Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla 20 Yanvar dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağ istiqamətə - 20 Yanvar dairəsinə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi.

Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib. Nəticədə, tuneldən çıxaraq 20 Yanvar dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmış olub.

“Azəravtoyol” ASC bundan sonra da avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlərini davam etdirəcək.

0
12