Ermənilərin işgəncə xəbərinə BQXK-dən reaksiya

Ermənilərin işgəncə xəbərinə BQXK-dən reaksiya

“İctimaiyyətə bu barədə açıqlamalar verilmir”.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsir və girovlarla iş üzrə komissiyasının iddialarına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, beynəlxalq humanitar hüququn pozulması daxil olmaqla, hansısa bir yanlışlıqla bağlı iddialarla üzləşdikdə, təmsil etdiyi qurum bunu sənədləşdirir və aidiyyəti olan tərəflə konfidensial şəkildə, ikitərəfli əsasda narahatçılığını bölüşür.

“Bu müzakirə Beynəlxalq Qızıl Xaç Komitəsinin münaqişə tərəfləri ilə apardığı mütəmadi dialoqun bir hissəsidir. Bu yanaşmaya hörmət edilir və ictimaiyyətə bu barədə açıqlamalar verilmir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, qondarma “DQR”in əsir və girovlarla iş üzrə komissiyası iddia edib ki, qoşunların təmas xəttində baş vermiş sonuncu döyüşdə həlak olan Azərbaycan hərbçilərinin meyitləri qaytarılmazdan öncə BQXK nümayəndələrinin iştirakı ilə müayinə edilib, bu zaman cəsədlərin üzərində hər hansı işgəncə əlamətləri aşkarlanmayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış meyitlərin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb. Müayinə zamanı məlum olub ki, meyitlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.

0
22