“Azərbaycan qonaqpərvərlik zonası” adlı sərgi açılıb

“Azərbaycan qonaqpərvərlik zonası” adlı sərgi açılıb

Bakıda, “Kristal Zal”ın yaxınlığında “Azərbaycan qonaqpərvərlik zonası” (“Azerbaijan Hospitality zone”) adlı pavilyon qurulub.

Oxu.Az xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində yaradılan pavilyon Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Azərbaycanın qonaqpərvərlik zonası kimi təqdim olunan pavilyonda ölkəmizin ayrı-ayrı bölgələrinə xas olan milli mədəniyyət nümunələri, xüsusən də Azərbaycan xalçalarının sərgiləndiyi “Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir.

Sərgidə Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı və Naxçıvan xalça məktəblərinə uyğun stendlər quraşdırılıb. Eyni zamanda, hər stenddə bölgələr haqqında videoçarxlar nümayiş olunur. Pavilyonda tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq nümunələrinin nümayişi ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində hazırlanmış tətbiqi və təsviri sənət nümunələri, həmçinin Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olan çay süfrəsi və mürəbbələr təqdim olunur.

Xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı da yaradılıb.

Sərgi sentyabrın 14-dək davam edəcək.

0
13