Yasamalda avtomobil 2 polis və 1 FHN əməkdaşını vurdu – YENİLƏNİB

Yasamalda avtomobil 2 polis və 1 FHN əməkdaşını vurdu – YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza zamanı Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşının avtomobillə vurulması xəbərinə dair məlumat yayıb.

İdarədən Oxu.Az-a verilən məlumata görə, Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu “Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü “Kamaz”a arxadan çırpılıb.

Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Yaralılardan yalnız 28 yaşlı Vüsal Şabanov FHN-in əməkdaşıdır.

Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub. Hazırda yaralıların vəziyyəti sabitdir.
Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opel"in sürücüsü İslam Manafovu hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib.

Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.

10:57

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu “Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü ”a arxadan çırpılıb.

Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.

Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-in 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

0
12