Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarıla bilər

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarıla bilər

Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Oxu.Az ekspress.az-a istinadən xəbər verir ki, bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində Təhsil Nazirliyi, ekspertlərlə birgə ciddi iş aparılır:

“Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq”.

B.Əliyev bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait yaranıb:

“2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva modern.az-a deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması daha səmərəli ola bilər:

“Məktəbəqədər təhsil müəssisələri ilə bağlı aparılan siyasət ürəkaçandır. Bilirik ki, uzun illər bu müəssisə Təhsil Nazirliyinin tabeliyində olub. Sonrakı dövrlərdə rayon icra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı.

Əgər söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında “təhsil ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı bir məsələdir” deyən deputat hesab edir ki, əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər.

Onun sözlərinə görə, söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər, maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı olar. “Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır”.

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının bildirdiyinə görə, məktəbəqədər təhsil müəssisələri ikili tabeçilikdədir:

“Həm İcra hakimiyyətinə, həm də Təhsil Nazirliyinə tabedir. Hər hansı bir rəhbər işçi təyin olunanda bunlardan biri təqdimat verir, biri də təsdiq edir” deyən Zülfüqarlı bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin birbaşa Təhsil Nazirliyinə tabe olması və bütün səlahiyyətlərin Təhsil Nazirliyinə verilməsi müsbət haldır.

0
8