Suraxanıda sərxoş şəxs üç nəfəri bıçaqladı

Suraxanıda sərxoş şəxs üç nəfəri bıçaqladı

Suraxanıda kütləvi dava baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, insident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb.

Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib. Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib.

Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa Cəfər onun dostları 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynova da bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, üzərində çoxsaylı bıçaq xəsarətləri olan Musa Hüseynov dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər.

Digər yaralılara isə, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Hadisə yerindən qaçan Cəfər adlı şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb.

0
19