Moskvada Azərbaycan konsulluğunun əməkdaşını döydülər – YENİLƏNİB + VİDEO

Moskvada Azərbaycan konsulluğunun əməkdaşını döydülər – YENİLƏNİB + VİDEO

Şübhəli şəxs saxlanılıb.

Moskvada Azərbaycan səfirliyinin konsul şöbəsinin əməkdaşı Emil Məhərrəmovu döyən şəxs saxlanılıb. 

Oxu.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, hücumdan bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə aparılıb. Bu, 31 yaşlı Haybula Hacıyev olub.

İstintaqın rəyinə görə, kişilər arasında münaqişə taksidə yaranıb. 

Baş və bədən nahiyəsinə çoxsaylı zərbələr alan Azərbaycan səfirliyinin müşaviri E.Məhərrəmov xəstəxanaya çatdırılıb. Burada zərərçəkmişə baş beyinin silkələnməsi, dodaq və qaşın yarılması diaqnozu qoyulub.

12:32

Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb.

Oxu.Az məlumat verir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, E. Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib. 

10:08

Moskva polisinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edilməsi barədə məlumat daxil olub.

Oxu.Az “Lifenews”a istinadən xəbər verir ki, bunu şikayətçi özü bildirib.

Onun sözlərinə görə, taksi sifariş edib, lakin yolda gedərkən münaqişə baş verib. Sonda Moskvanın mərkəzindən keçən Konyuşkovski küçəsində sözügedən şəxsə bədən xəsarətləri yetirilib.

“Təcili yardım çağırılıb. Zərərçəkən Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir”, - deyə tibbi dairələrdə olan mənbə bildirib.

Kişiyə hücum müşahidə kamerası ilə qeydə alınıb.

Kadrlarda yolun kənarında ağ minik maşınının dayandığı, ordan iki kişinin çıxdığı və dava etdikləri əks edilib. Zərərçəkənin sözlərinə görə, mübahisə yolda başlayıb, daha sonra isə küçədə yolun kənarında dava ilə bitib. 

Dalaşan kişilərə yoldan ötən maşınların sürücüləri diqqət yetirənə qədər bir neçə dəqiqə keçib. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlib.

0
26