Texnik, barmen və AFFA

Texnik, barmen və AFFA

Bəlkə də kiməsə gecikmiş yazı kimi görünəcək. Amma elə deyil. Çünki bu “cırtdanla” hələ bir dəfə də qarşılaşacağıq. Bu dəfə Bakıda.

Dünyanın ən balaca dövlətlərindən biridir, San Marino. Bəlkə də elə birinci. Yox, ən kiçik dölət Sent-Kits və Nevis imiş. A tövbə, adını ilk dəfəydi eşidirdim. Amma “cırtdanlığına” baxmayın, FİFA-nın reytinqində 81-ci yerdədir. Azərbaycandan düz 55 pillə irəlidə. Bizim yığmamız hətta Farer adalarından da geridədir. 136-cı yerdə Salvadorla qardaşlaşıb oturmuşuq. Bunları elə belə, 2005-ci ildən futbolun inkişafı üzrə Dövlət Proqramını həyata keçirən AFFA başbilənləri üçün yazdım. O proqrama ki, milyonlar xərclənib və şükür, indi 11 nəfərlə 10 nəfərə sürünə-sürünə qalib gəlməyi bacarırıq.

San Marinoda olmuşam. Bircə dəfə. Riminidən 15 dəqiqəlik məsafədə yerləşir. İnandırım sizi, bu ölkənin ərazisinə daxil olub, sevinə-sevinə Facebook-da sheck in eləməyə macal tapmamış ölkə qurtarır. Bizi Nobel prospekti ondan böyükdür. Elə əhalisi də AFFA-nın mənzil qərargahı yerləşən Nobel prospektinin sakinlərinin sayı qədər ola-olmaya.

Hə, ondan danışırdıq axı? Bizim peşəkar futbolçular seçmə mərhələnin ilk turunda 10 nəfər həvəskara qalib gəlməklə də olsa, ilkə imza atdılar. Düzdür, San Marinonun oyunçuları 90 dəqiqəni əslində yola verməklə məşğul idilər, bizimkilərə baş qoşmadılar. Vallah hə, hərəsinin öz işi-gücü. Nə futbol? Aldo və David Simonçinilər mühasibdirlər. Danilo Rinaldi mebel düzəldir. Yazığın bir bazar günü vardı, onu da tutub apardılar ki, Azərbaycandan qonağımız gəlib, dur gəl futbola. Kristian Broli tələbədir, bəlkə də bizim Odlar Yurduna oxşayan hansısa universitetdə oxuyur, yəqin qiymətini yazdıracaqlar.

Fabiyo Vityoli iş adamıdır. Mırta gəlibmiş. Alessendro dela Vale isə məhkəmə katibi. Karlo Valentini isə barmen. Axaşam bara gedib pivəsini süzəcəkdi. Baş məşqçi Pyer Ancelo Mandzaroli isə texnikdir. İsti şitilliklərdə çalışır. Yəni “parnik”də.Hə, millimiz qalib gəldi və qəribə də olsa Almaniya ilə birgə indi turnir cədvəlinə başçılıq edir. Amma bu o demək deyil ki, 2018-də Rusiyaya, dünya çempionatına gedəcək. Hələ ilk turdu , hövsələnizi basın. Hər şeyə gələn payız aydınlıq gələcək. Qrupda bütün oyunlar başa çatandan sonra. Böyük ehtimalla elə bu San Marinonun qabaqlayan millimiz qrupda sonuncu olmayacaq. Və texnik Ancelo Mandzarolidən fərqli, Əfran İsmayılovdan yaxşı oynayan – mətbuat konfransında özü dedi - peşəkar Prosineçkini AFFA vəzifəsində də saxlayacaq. AFFA-nın baş katibi Elxan Məmmədovu da çox yormayın: “Millimiz dünya çempionatına nə vaxt gedəcək?” deyə. Məgər bilmirsiniz? Deyim bilin: Çempionat Azərbaycanda təşkil ediləndə. Arzulayın cənablar, arzulayın...

0
7