Ticarət sahəsində reklama dair yeni tələblər müəyyənləşdirildi

Ticarət sahəsində reklama dair yeni tələblər müəyyənləşdirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Bu Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin etmək məqsədi hazırlanıb və istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Qaydaya əsasən hər bir ticarət (xidmət) obyektinin giriş qapısında (ön tərəfdə) onun adını, mənsubiyyətini və iş rejimini əks etdirən lövhə asılmalıdır. Dəyişikliyə əsasən birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilməyəcək. Eyni zamanda satışa çıxarılan malların reklamı “Reklam haqqında” qanununun tələblərinə uyğun olmalıdır.

Qaydaya əsasən indiyə qədər nümunə üzrə mal satışının nümunələrinin yerləşdirilməsi və yayımı “Reklam haqqında” qanununun tələblərinə uyğun həyata keçirilməli idi. Dəyişikliyə əsasən nümunə üzrə (məsafədən satış üsulu ilə) satılan malların reklamı “Reklam haqqında” qanununun tələblərinə uyğun həyata keçirilməlidir.

0
12