Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq

Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq

“Peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir”.

Bu gün Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisəsi var.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu deyən Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə bildirib ki, ilk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-si tədris mərkəzidir.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. O qeyd edib ki, ümumilikdə peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir.

Sektor müdiri bildirib ki, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə qəbulun 16990 nəfər olduğunu deyən N.İsmayılzadə əlavə edib ki, ilk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.

“Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından isə 10-11%-i təhsilini davam etdirir. Dövlət ilk-peşə ixtisas təhsili müəssisələrində 5507 nəfər çalışır, onlardan 3555-i rəhbər və mühəndis-pedaqoji, 1952-si qeyri-pedaqoji işçilərdir.

Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Yaxın gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəklində fəaliyyət göstərəcəyi nəzərdə tutulur”,  – deyə N.İsmayılzadə vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur.

Onun sözlərinə görə, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir: 

“Peşə təhsili sistemində idarəetmə modelinin də dəyişilməsi istiqamətində işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir”.

0
16