Balakəndə bıçaqlanan şəxsi aparan maşın piyadanı vurdu

Balakəndə bıçaqlanan şəxsi aparan maşın piyadanı vurdu

Polis əməliyyat aparır.

Balakəndə 21 yaşlı gənc həmyerlisi tərəfindən bıçaqlanıb. 

Oxu.Az xəbər verir ki, Balakən rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 19.00 radələrində baş verib.

Balakən şəhər sakini, 1995-ci il təvəllüdlü Həsən Miqdat oğlu Məmmədov qarnının və döş qəfəsinin sağ nahiyələrinin kəsilmiş-deşilmiş və daxilə qan axması diaqnozu ilə xəstəxanaya daxil olub.

Əməliyyatdan sonra H.Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir. 

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə hələlik bilinməyən səbəbdən baş verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Məmmədovun rayonun Tülü kənd sakini, 1983-cü il təvəllüdlü Mahir Telman oğlu Xəlilov tərəfindən bıçaqlandığı məlum olub. M. Xəlilov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

Məlumatda o da bildirilir ki, xəsarət alan H. Məmmədovu xəstəxanaya aparan avtomobil yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini, 1961-ci il təvəllüdlü Fərman Şamil oğlu Saramanovu vurub. Qəza nəticəsində sol ayağının baldır nahiyəsindən xəsarət alan F. Saramanov hazırda Balakən RMX-nın cərrahiyə şöbəsində müalicə alır. 

Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

0
32