TQDK-nın test tapşırıqlarını qanunsuz yayan şəxs cəzalandırıldı

TQDK-nın test tapşırıqlarını qanunsuz yayan şəxs cəzalandırıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir.

TQDK-dan Oxu.Az-a verilən məlumata görə, qurumun keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.

Bildirilib ki, bu il martın 6-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb.

O, həmçinin ideya müəllifi olduğu internet saytında və “Facebook” sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” jurnalının redaksiyası R.Şərifova qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib.

Yekunda Zərdab Rayon Məhkəməsinin iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması R.Şərifova qadağan edilməsi, iddiaçı TQDK-nın müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq komissiyaya ödənilməsi, “Abituriyent” jurnalı redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq “Abituriyent” jurnalı Redaksiyasına ödənilməsi, məhkəmə qətnaməsinin cavabdehin ideya müəllifi olduğu internet saytında və “Facebook” sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb.

0
5