Bəhram Bağırzadə: Klassik “Ölülər”də çəkilməyə razılaşmazdım

Bəhram Bağırzadə: Klassik “Ölülər”də çəkilməyə razılaşmazdım

“Rol aldığım filmlərin ssenarisini tam oxumuram”.

Oxu.Az tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, Əməkdar artist Bəhram Bağırzadə ilə müsahibəni təqdim edir.

Bəhram Bağırzadənin Vəli rolunu canlandırdığı “Ölülər XXI əsr” filmi sentyabrın 22-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.

- Bəhram Bağırzadə bir filmdə çəkiləcəyinə dair qərarı necə verir?

- Birincisi, onu deyim ki, son 10-15 il ərzində mənə rol təklif edilən filmlərin ssenarilərini oxumuram. Bəlkə də mən Azərbaycanda yeganə aktyoram ki, ssenarini tam oxumuram (gülür). Təəccüblənə bilərsiniz, amma mənim öz yanaşmam var. Bu da ondan ibarətdir ki, əgər bir ssenari Mədəniyyət Nazirliyindən keçibsə, təsdiq möhürü vurulubsa, bu, pis film ola bilməz. Deməli, burada dövlətimə, millətimə qarşı xainliyə yer yoxdur! Bu isə mənim vətəndaş mövqeyimlə üst-üstə düşür.

O ki, qaldı rejissorlara, mən özüm də rejissoram və hər bir rejissora inanıram. Çünki rejissor bir işi öhdəsinə götürübsə, deməli, bu yükü daşıya biləcəyinə əmindir.


- Bu, yeganə meyardır?

- Xeyir, daha sonra filmdə kimlərin çəkildiyinə baxıram, əslində bizdə çəkilən aktyorlar azdır, düzünü desəm, onların 80 faizi elə mənimlə institutda birgə oxuyublar. Ssenariyə qaldıqda isə yalnız öz rolumu oxuyuram.

- Sadəcə öz rolunuzu oxumaqla kifayətlənirsiz...

- Mənim buna fiziki olaraq vaxtım çatmır. Çünki mən hər gün, günaşırı çəkilişdəyəm, reklam çarxı, kino, verilişlər... Bu gün elə müsahibədən sonra böyük bir şirkətin reklam səsləndirməsinə, daha sonra dünya brendinin Gəncədəki çəkilişinə gedəcəm. Sərəncamımda olan zaman çox məhduddur, bu səbəbdən də ssenarini tam yox, yalnız öz rolumu oxuyuram.

- Bəhram Bağırzadənin br vətəndaş kimi meyarlarını bildik. Yəni nazirlik qəbul edibsə, bu filmə “HƏ” demək olar. Bəs bir aktyor kimi rolu qəbul etmək üçün hansı meyarlarınız mövcuddur?

- Allaha şükür, hamımıza ağıl verilib. Müdrük deyiləm, amma ağlım var, eləcə də on ssenarinin səkkizindən imtina etməyə hünərim də çatır. Hər bir kişi, vətəndaş, insan hansı yükü çəkə biləcəyini yaxşı bilir. Əgər mən bu rolu oynaya bilməyəcəyimi anlayıramsa, təbii ki, mən o rolu qəbul etmirəm.

Məsələn, sabah Azərpaşa Nemət məni Hamlet rolunu oynamağa çağırsa, imtina edəcəm. Səbəb sadədir, mən bəlkə də Hamleti KVN-də oynaya bilərəm, amma klassik Hamleti oynaya bilmərəm. Buna mənim xarici görünüşüm, ifa tərzim imkan vermir...


- “Ölülər XXI əsr” filmində Vəli rolunu klassik deyil, məhz müasir interpretasiyada olduğu üçün qəbul etmisiniz?

- Bəli. Bu qrotesk filmdi, əgər Tahir İmanov məni C.Məmmədquluzadənin “Ölülər” əsəri üzrə klassik səpkidə çəkilən filmə dəvət etsəydi, ömrümdə razılaşmazdım. Çünki başa düşürəm ki, klassik üslubda yazılmış o rola çəkilə bilmərəm. Sabah bu filmi Ramiz Mirzəyev, Vaqif Mustafayev də çəkə bilər, məni dəvət edə bilərlər, yenə imtina edəcəm. Mən KVN, yumor prizmasından yazılmış ssenaridə, interpretasiya variantında çəkilə bilərəm, çəkildim də. Mən düşünürəm ki, əgər rolun öhdəsindən istədiyim kimi gələ bilməyəcəmcə, niyə bu filmi, tamaşanı korlayım.

- Film müasir dövrə köklənsə də, məqsədi, problematikası, mövcud problemə yanaşması klassikdir...

- Filmin əsas məqsədi gəncləri yönləndirməkdir, onları cahillikdən, nadanlıqdan uzaq durmağa çağırışdır. Bu məqsədə nə dərəcədə çatmışıq, bu çağırış nə dərəcədə qəbul ediləcək bunu zaman göstərəcək.



- Bəhram Bağırzadənin həyat kredoları yaradıcılığında da öz əksini tapır?

- Bəli, mənim öz qaydalarım var, hər adamla dostluq etmirəm, hər məclisə getmirəm. Bacaracağım işdən tuturam. Ola bilər ki, rollarımın içində zəif rolum olub, amma mən heç vaxt heç nəyi “yola verdi” prinsipi ilə etməmişəm.

- Filmdə tamaşaçını yeni yanaşmadan başqa, daha nə gözləyir?

- Filmdə operator işi yüksək səviyyədədir. Tamaşaçıları çox dinamik səhnələr, rəngarəng kadlar gözləyir. Film Qəbələdə çəkilib, bəlkə də bu film Azərbaycan təbiətinin bu cür təqdim edildiyi nadir filmlərdəndir. Məncə bu qədər bəsdir. Qalanını film ekranlara çıxandan sonra necə deyərlər “gələrsiniz, görərsiniz” (gülür).

- Müsahibə üçün təşəkkür edirəm.

0
20