Banqladeşdə dini qruplaşma lideri asıldı

Banqladeşdə dini qruplaşma lideri asıldı

Banqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal qruplaşmanın lideri Mir Qasım Əli barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmə avqustun 30-da Mir Qasım Əlinin ölüm hökmünə verdiyi apelyasiya şikayətini təmin etməyib. Bundan əvvəl, martda, Banqladeş Ali Məhkəməsi 2014-cü ildə verilmiş edam hökmünü qüvvədə saxlayıb.

Mir Qasım qətl törətməkdə, işgəncələr verməkdə, müharibə dövründə dini ədavət yaratmaqda ittiham olunub.      

Edam hökmü yerli vaxtla 22.30-da (Bakı vaxtı ilə 20.30-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.

Qeyd edək ki, “Cəmaəti İslami” radikal qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami bu ilin mayın 11-də edam olunub.

Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib.  

0
6