Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil

“Mənim Rusiyanın təklifi barədə məlumatım yoxdur”.

Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil və münaqişənin siyasi həlli tapılmalıdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

“Qoşunların təmas xəttində son hadisələr status-kvonun nə qədər daimi olmadığını və münaqişənin həllini tapmaq lazım olduğunu göstərir”, - deyə Salber bildirib.

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həllində səylərini dəstəkləyir. Salber həmçinin tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

Münaqişənin həlli ilə bağlı Rusiyanın təklifinə gəlincə, Salber bildirib ki, bu barədə məlumatı yoxdur: 

“Əgər düz başa düşdümsə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu təklifi dəstəkləyir və biz bunu müsbət qiymətləndiririk. Ümid edirik ki, danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində irəliləyişə gətirib çıxaracaqdır”.

ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi barədə danışarkən, Salber bildirib ki, formatın dəyişmək lazım olduğunu düşünmür. 

“Hər hansı format dəyişikliyi bütün ATƏT-in razılığını tələb edir və mən şübhə edirəm ki, belə bir razılıq alınacaq” - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib.

0
33