Bakıda 34 ağacın yeri dəyişdirilir - FOTOLAR

Bakıda 34 ağacın yeri dəyişdirilir - FOTOLAR

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə Moskva prospektinin 20 yanvar dairəsi yaxınlığında yolun genişləndirilməsi layihəsinə uyğun olaraq “Azəravtoyol” ASC və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət olunub.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, müraciətdə mövcud Dövlət Proqramının tədbirlər planının tərkib hissəsi kimi Bakı şəhərinin Moskva prospektində nəqliyyat sıxlığının azaldılması və orta hərəkət sürətinin artırılması məqsədi ilə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğu bildirilir.

Həmin ərazidə yol ötürücüsünün istinad divarına və yolun işlək hissəsinə yaxın olan ağacların işin başlanılmasına maneə yaratdığı qeyd olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarına və “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq tikinti altına düşən ağacların götürülməsi məqsədilə dövlət ekspertiza rəyinin verilməsi  xahiş edilir.

Məktubda qeyd olunanlarla bağlı ETSN-in Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, yol tikintisi altına 2 Şərq çinarı, 18 Eldar şamı, 4 Sərv, 4 Zeytun və 6 Oleandr ağacı düşür. Ümumilikdə ərazidə 34 ədəd ağac və bir neçə kol bitkisinin tikinti layihəsinə maneə yaratdığı qeydə alınıb. Tikintinin dövlət əhəmiyyətli olduğu nəzərə alınaraq mövcud tələblərə və qaydalara uyğun  ağacların budanaraq köçürülməsinə rəy verilib.

Ekspertiza rəyinin tələbləri əsasında ETSN-in “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə müqavilə bağlanılıb və sentyabrın 3-də ağacların köçürülməsinə başlanılıb.

İ. İbrahimova onu da bildirib ki, Azərbaycan prezidentinin tapşırığı əsasında ETSN tərəfindən alınmış, ağacların yaşamasını yüz faizə çatdıra bilən xüsusi texnikalardan istifadə olunmaqla, budandıqdan sonra ağaclar kök torpağı ilə birgə çıxarılaraq daha uyğun və tikinti-qazıntı aparılması təhlükəsi olmayan ərazilərə köçürülür.

0
12