Neftçala və Qusarın kəndlərinə ilk dəfə qaz verildi

Neftçala və Qusarın kəndlərinə ilk dəfə qaz verildi

SOCAR məlumat yaydı.

Aprelin 15-də Neftçala və Qusar rayonunun daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Neftçala rayonunda Dördlər (Xol) kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 148 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9463 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qusar rayonunun Nəcəfkənd və Aşağı Qələnxur kəndlərində keçirilmiş tədbirdə isə qeyd olunub ki, 81 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 564 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

0
32