Azərbaycanda ödəniş terminallarının işində problem yaranıb

Azərbaycanda ödəniş terminallarının işində problem yaranıb

Azərbaycanın iki aparıcı ödəniş sistemi - “E-manat” və “MilliÖn”ün işində çətinliklər yaranıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu şəbəkələrə aid ödəniş terminallarının xidmətindən istifadə edən zaman aparatların monitorunda sistemin müvəqqəti işləmədiyi bildirilir.

Son nəticədə vətəndaşlar bank, kommunal, rabitə və digər ödənişləri həyata keçirə bilmirlər.

Qeyd edək ki, “E-manat” teminalları “Modenis” MMC-yə, “MilliÖn” terminalları isə “Komtek” MMC-yə məxsusdur.

Məsələ ilə bağlı Report-a açıqlama verən “Modenis” şirkətinin direktor müavini Vüsal Süleymanov bildirib ki, ara-sıra bəzi terminalların işində fasilə yaranması mümkündür, amma problem kütləvi deyil:

“Terminal kompüter sistemi ilə təchiz olunub, hərdən bəzi terminallarımızda fasilə ola bilər, lakin hazırda əksər terminallarda ödənişlər qəbul edilir və ünvanına çatır”.

“Komtek” MMC-nin PR meneceri Ülviyyə Əfəndiyeva isə Report-a açıqlamasında deyib ki, hazırda təmsil etdiyi şirkət proqram təminatını yeniləyir:

“Bu baxımdan terminalların işində çətinliklər mümkündür, amma tezliklə onlar aradan qaldırılacaq və terminallar normal qaydada işləyəcək”.

0
10