Azərbaycan gömrükçüləri 41 mindən çox aksiz markasız siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 41 mindən çox aksiz markasız siqaret aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41200 ədəd siqaret aşkar edib.

Oxu.Az xəbər verir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysi ilə ayrı-ayrı vaxtlarda gələn üç Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb.

Yoxlama zamanı, sözügedən vətəndaşlardan ümumilikdə 3600 ədəd “Marlboro Filter Plus”, 8 800 ədəd “Parliament Super Slims”, 10000 ədəd “Kent Nanotek 2.0” və 12400 ədəd “Parliament Aqua Blue” markalı siqaretlər aşkar olunub.

Eyni məlumat əsasında, daha bir Azərbaycan vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı, avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 6400 ədəd “Parliament Aqua Blue” markalı siqaret aşkar olunub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

0
13