Nazir: Ermənistan münaqişənin danışıqlar yolu ilə həllinə imkan vermir

Nazir: Ermənistan münaqişənin danışıqlar yolu ilə həllinə imkan vermir

Elmar Məmmədyarov görüş keçirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə E. Məmmədyarov 2 aprel tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, Azərbaycan ordusunun mövqeyini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması haqqında ətraflı məlumat verib, Ermənistanın bu kimi təxribatlar törətmək və vəziyyəti gərginləşdirməklə münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güddüyünü vurğulayıb.

Nazir 5 aprel tarixində Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında atəşkəs haqqında anlaşmaya baxmayaraq, Ermənistan tərəfindən atəşin davam etdirildiyi və bu günlərdə Azərbaycan silahlı qüvvələrinin əsgərinin şəhid olduğunu diqqətə çatdırıb. 

E. Məmmədyarov bildirib ki, Ermənistanın təhriki ilə 2 aprel tarixindən başlayan gərginlik mövcud “status kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğunu bir daha sübut edib. O, gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və hərbi işğal faktına son qoyulmasının vacibliyini vurğulayıb.

E. Məmmədyarov əlavə edib ki, atəşkəs münaqişənin danışıqlar yolu ilə həlli üçün substantiv prosesin başlanmasına şərait yaratmalıdır. Bu xüsusda, Azərbaycanın münaqişənin tezliklə həllində ən maraqlı tərəf olduğunu deyərək, substantiv danışıqlara hazırlığını ifadə edib.

H. Salber isə baş vermiş gərginliklə əlaqədar narahatlığını ifadə edərək, özünün və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Ermənistan və Azərbaycan tərəfi ilə telefonla danışdığını qeyd edib. O da mövcud “status kvo”nun qəbuledilməz və qeyri-davamlı olduğunu deyərək, münaqişənin həlli üzrə danışıqların vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

0
17